İlham Əliyevdən Şəki ilə bağlı sərəncam

gundem
22-01-2016, 05:53 1132
İlham Əliyevdən Şəki ilə bağlı sərəncam Azərbaycan Prezidenti İlham Əliyev “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Sərəncam imzalayıb. ANS PRESS-in məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki ay müddətində, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini isə bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Həmçinin Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edilməlidir.
Nazirlər Kabinetinə isə Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsini bir ay müddətində təsdiq etmək, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusunun verilməsini və “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maliyyələşməsinin dövlət büdcəsinin yerli xərclərindən dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üzrə mərkəzləşdirilmiş xərclərə keçməsini təmin etmək, habelə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.