“Əbülfəs Qarayev mənə ev alacağına söz verdi...” – Əməkdar artist

medeniyyet
19-08-2015, 12:12 978
 “Əbülfəs Qarayev mənə ev alacağına söz verdi...” – Əməkdar artist Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nurun AzNews.az-a müsahibəsi:
- Məlumata görə, sizə Mədəniyyət və Turizm Nazirliyindən Gəncə Dövlət Dram Teatrına direktor vəzifəsi təklifi olunub. Bu, doğrudurmu?
- Dəfələrlə mənə teatr direktoru olmaq üçün təkliflər olunub. Onun hamısından imtina etmişəm. Şahidlər də var. Bunların əksəriyyəti rayon teatrlarından olunub.
- Niyə qəbul etməmisiniz. Fikrimcə, kifayət qədər ciddi təklifdi. Başqaları olsaydı, sevinərdi buna...
- Yox, əksinə faciədir. Gəncə Azərbaycanın ən qədim şəhəridir, mədəniyyət mərkəzdir. Mən teatr tarixindən elə şeylər bilirəm ki, onu Gəncə teatrının rəhbəri bilmir. Gəncə teatrının rəhbəri deyir ki, “Əli Nur belə teatr qaldırandırsa, işlədiyi Akademik Teatrı qaldırsın”. Mənim onunla heç bir problemim olmayıb. Heç mən onunla əl verib görüşməmişəm, o, adamı tanımıram. O ki, mənim haqqımda bu sözü deyib, ayıb olsun. Mən Sumqayıt Teatrında işləyəndə teatr iki dəfə “Poladəridənlər” və “Afət” tamaşası ilə dövlət mükafatına layiq görülüb. İşim budur, Əli Qasımov.
- Gəncə Teatrının direktoru Əli Qasımov Sizin ünvanınıza niyə belə ittiham səsləndirib?
- Əli Qasımov bilməlidir ki, bütün teatrların rəhbərini Mədəniyyət və Turizm Naziri və dövlət başçısı təyin edir. Bu məsələlərin kollektivə heç bir aidiyyəti yoxdur. Əli Qasımov mənim Gəncə Teatrına rəhbər getməyimin əleyhinədir. İki dəfə kollektivi yığıb, mənim teatra getməyimə qarşı çıxışlar edib. Deyib ki, “Bizim direktorumuz var, gələn artıq adamdır”. Allah mübarək eləsin, mənim işim yoxdur. Əli Qasımov, əslində, məndən çox şey öyrənmək lazımdır. Mən elə-belə adam deyiləm. Mən Gəncə teatrına direktor gəlsəm, iki il müddətinə o teatrda elə tamaşalar qoyaram ki, ölkədə səs salar. Həmin tamaşaları gətirib Bakıda sübut edərəm ki, teatrın repertuarı, hadisə yaradan tamaşalar, aktyor oyunu, rejissor işi necə olmalıdır. Tamaşa tamaşaçılarda necə şok yaratmalıdır. Mən onu Sumqayıt Teatrında sübut etmişəm, Gəncədə də sübut edərəm. Baxırsan teatrın repertuarına adamın əti tökülür, hamısı özfəalliyyət səviyyəsində tamaşalar hazırlayırlar. Bu günlərdə bədii qiraət ifaçısı Ağalar Bayramov mətbuata açıqlamasında məni yaltaq adlandırıb. Əgər mən yaltaq, qorxaq olsaydım Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadəyə Mədəniyyət və İncəsənət Universitetindən testi götüzdürnəzdim. Bunu kim etdi Ağalar Bayramov? Məleykə Abbaszadəni ayağa qaldırıb məntiq elmi ilə ona sübut etdim ki, siz bütün Azərbaycan teatrlarını məhv eləmisiniz. Orada test məsələsinin götürülməsini qoydum. Tarixdə bunu məndən savayı deyən olmaz. Ağalar Bayramov, bunu sən və səni alqışlayanlar ömründə edə bilməz, cəsarətiniz çatmaz. Onu mən edə bilərəm.
- Ağalar Bayramov sizi hansı məsələyə görə ittiham edib?
- Mən demişəm ki, vaxtı ilə böyük rejissor və teatr tənqidçisi Papov əsərlərinin birində deyir ki, tarix boyu aktyorlar ikiüzlü, yaltaq, qul və kölə kimi olur. Amma tarix boyu aktyorlar cəsarətlərinə görə başları nə bəlalar çəkib. Hüseyin Ərəblinski, Abbas Mirzə, Ülvi Rəcəb güllə ilə öldürülüb, necəsi sürgün olunub. Bunu oxuyan görmür ki, mən nədən danışıram? Ağalar Bayramov sən mən dediyim fikrin kökünü bilirdin? Bütün Azərbaycan aktyorlarına sual edirəm: Hansı aktyor ədalətsiz rol bölgüsünə görə rejissora qarşı hücuma keçib? Ədalətsiz direktoru, naziri, nazir müavinini qətlə yetirib? Bu olub dünya tarixində? Buna görə oturun yerinizdə, köləliyinizlə məşğul olun, hörmətli aktyorlar. Məni heç kim maraqlandırmır. Nə direktor, nə də aktyorlar. Kitab yazıram. Mənim üçün artıq teatr və tamaşalar maraqsızdır.
- Bu yaxınlarda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevlə görüşübsüz. Görüşdə hansı məsələlər müzakirə olundu?
- Mənə ev, fəxri ad veriləcəyini vəd etdi. Dedi ki, 2015-ci il aprel ayının 15-nə kimi mənim bütün problemlərimi şəxsən həll edəcək. İndi isə avqust ayıdır.
- Yəni, nazir dediklərinin heç birini etmədi?
- Yox, heç birini. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri məni dekabrın 26-da çağırıb dedi ki, bizə bir ay vaxt ver. Dedim ki, mən 50 ildir ki, Azərbaycan mədəniyyətinin ardınca aftafa gəzdirən bir aktyor olmuşam. Bundan kəsərli bir söz var? 50 ildir ki, hər şeyi gözləyirəm. Daha nə deməliyəm? Bir halda ki, Məmməd Araz demişkən, iti bazarında atından bahadır, bunlardan nə gözləmək olar? Biz heyvanlara qiymət veririk. Hər şeyin, hətta heyvanların da arasında fərq var. Əgər bunların arasında fərq yoxdursa, biz nədən danışa bilərik? Axı 30 il bundan öncə mən bu teatra gələndə Sumqayıtda 3 otaqlı ev təhvil verib gəlmişdim. O evi xəstə aktyora vermişəm. Ağalar Bayramov, bunu hansı aktyor edər? Şəxsən siz verərsiniz? Bunu bircə dəfə Cəfər Cabbarlı edib, 3 otaqlı evini bağışlayıb. Əli Şamiloğlu Həsənov, Allah şahididir, eşitsin sözümü Oruc Qurbanovla məni dəvət edib yanına, orada öz fəxri adımdan imtina etmişəm. Həmin adı Hicran Mehbalıyevə verdirmişəm. Onu hansı aktyor edərdi? Ağalar Bayramov bilir ki, mən kiməm. Mənim yanımda Ağalar Bayramov kölgədə qalır. Həmişə qorxaq adam güclü adama paxıllıq edir. İncəsənət Universitetində mən yarımştat işləmişəm. Sabiq rektor Timurçin Əfəndiyev deyirdi ki, “sənin burada paxıllığını çəkənlər çoxdur. Sən onlara fikir vermə, aktyorsan. Onlar isə aktyor deyil”. Akademik Milli Dram Teatrının sabiq direktoru Maqbet Bünyadov mənə deyirdi ki, “sizin bu teatrda nə qədər düşməniniz var?” Dedim ki, ilk dəfədir mən belə söz eşidirəm. Mənim bu teatrda bir düşmənim var o da sizsiniz. Çünki mənim haqqımda sizə nə desəydilər, həmin anda onları susdurmalıydın. Mən bu teatrda hamıya kömək olmuşam. Bu gün də ehtiyacı olana dəstək oluram. Nəyə görə mənə düşmənçilik və paxıllıq edirlər? Mən yumurtadan dınq edib çıxmamışam...
- Yuxarıda dediniz ki, sizə dəfələrlə vəzifə təklifi olunub. Niyə imtina etmisiniz?
- Xoşlamıram, vəzifə mənlik deyil. Sənət, elm adamıyam. Mən inzibati iş xoşlamıram. Azərbaycanda inzibati iş mümkün deyil. Çünki Azərbaycanda hər şey satılır, hər şey alınır. Bu isə mənlik deyil. Mən Sumqayıt Teatrında işləyəndə işə bir xanım götürdüm. Onun atası mənə rüşvət təklif elədi, götürdüm polisə zəng elədim ki, gəlin bunu basın içəri, gəlib teatra bizim əxlaqımızı pozur. Kişi kreslodan yıxılıb və sakitcə qaçdı. Mən belə tərbiyə görmüşəm. Teatr vəzifəsi mənlik deyil, yox əgər direktor olası olsam, onda gərək, Sumqayıt teatrındakı kimi işləyəm.
- Qarşıdan yeni teatr mövsümü gəlir. Yəqin bu mövsümdə Əbülfəs Qarayevlə yenidən görüşüb, niyə dediyini etmədiyini soruşarsınız...
- Yox, hətta məni özü də çağırsa, getməyəcəm, bitdi daha. Nəyə görə gedim ki? Adamı nə qədər aldadarlar? Əbülfəs Qarayevin mənə münasibəti heç bir aktyora olmayıb. İnanın camaatın içində qoluma girib ayrıca söhbətlərimiz olub.
- Bəs cənab nazirlə görüşdə sizə qarşı biganəliyin səbəbi ilə maraqlanmadınız?
- Mən niyə soruşmalıyam? Mənə qarşı münasibət indi başlamayıb. Baxın, mən “Azdrama”ya gələndə görün kimlərin cərgəsində oturmuşam: Səməndər Rzayev- dünyasını dəyişib, onun yerinə məni gətiriblər. İndi görün ki, mən kimlərdən sorayam. Məni iki dəfə nazirliyə çağırıblar. Dedilər ki, get, bütün məsələlər həll olunacaq. Görün mən nə gündəyəm ki, nəinki, ev, hətta Prezident Mükafatına da məni layiq bilmirlər. Mən cənab Qarayevdən bunu nə qədər soruşmalıyam? Əgər cənab Qarayev deyirsə ki “mənim Azərbaycan teatrında yeganə dostum Əli Nurla fəxr edirəm” daha nə sözüm.
- Deyirsiniz ki, sizi iki dəfə Mədəniyyət və Turizm Nazirliyinə çağırıblar. Aldadıldığınızı bildiyiniz halda ikinci dəfə görüşə niyə gedirdiniz?
- Mən əsgər adamam hara çağırsalar, ora da getməliyəm. Təkrar yalanı eşitmək üçün getdim. Aktyor direktordan , rejissordan, müavindən tutmuş nazir və onun müavininə kimi asılı kəsdir. Həm də aktyor uşaq kimidir, hər şeyə inanandır.
Mənə Ağalarla eyni vaxtda fəxri ad verdilər. Bu Azərbaycan mədəniyyətinin ən böyük faciəsi idi. Yadında saxla, aktyor o adama deyillər ki, o səhnədə başqalaşır, tamaşaçının gözündə ucalır, daha hər zurna çalana yox. Bu ayıbdır.