Baş katib Yəməndə hospitala hücumu pislədi

dunya
11-01-2016, 06:04 712
Baş katib Yəməndə hospitala hücumu pislədi BMT-nin Baş katibi Pan Gi Mun Yəməndə hospitala hücumu pisləyərək, hadisənin tezliklə araşdırılmasına çağırıb, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
RİA Novosti-yə istinadən xəbər verir ki, “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatı bazar günü Yəmənin şimalında xəstəxananın atəşə tutulmasına dair məlumat yayıb.
Son məlumatlara əsasən atışma nəticəsində hospitalda ən azı dörd nəfər ölüb, on nəfər xəsarət alıb, yaralananların ikisinin vəziyyəti kritikdir. “Sərhədsiz həkimlər”in Dubay ofisindən bildiriblər ki, xəsarət alanların sayı arta bilər, belə ki, atışma zamanı dağılmış binaların dağıntıları altında qalanlar var.
“BMT-nin Baş katibi Yəmənin Saada əyalətində “Sərhədsiz həkimlər” tərəfindən dəstəklənən xəstəxananın naməlum şəxslər tərəfindən atəşə tutulmasını pisləyir”, - BMT-nin bəyanatında deyilir.
BMT-də vurğulayıblar ki, “Sərhədsiz həkimlər”in dəstəklədikləri Saada əyalətindəki hospital və Taizdə yerləşən səyyar tibbi mərkəz 2015-ci ildə artıq hücuma məruz qalmışdı.
“Baş katib Yəmən sakinlərinə tibbi yardımın göstərilməsinin getdikcə məhdudlaşdırılmasından çox narahatdır”, - məlumatda deyilir.
Baş katibin bəyanatında xəstəxanaların və tibbi personalın beynəlxalq humanitar hüquq ilə müdafiə olunduğu vurğulanır, “dinc sakinlərə və mülki infrastrukturlara istənilən qəsdən hücum beynəlxalq humanitar hüququn pozulması hesab edilir”.
“Yəməndə dinc sakinlərin və mülki infrastrukturların zərər çəkdiyi digər hücumlar kimi, bu hadisə tez, müstəqil şəkildə araşdırılmalıdır”, - məlumatda qeyd edilir.