Oqtay Əsədov: “Kreditlərlə bağlı qərar qəbul ediləcək”

sosial
29-12-2015, 13:59 840
Oqtay Əsədov: “Kreditlərlə bağlı qərar qəbul ediləcək” Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında bəzi dövlət komitə və agentliklərinin ləğv olunması təklif edilib.
Deputat Zahid Oruc qeyd edib ki, hökumət manatın devalvasiyasından sonra yaranmış vəziyyətlə əlaqədar bir sıra komitələrin və agentliklərin fəaliyyətinə yenidən baxmalı və artıq məmur yükündən xilas olmalıdır.
Deputat Qüdrət Həsənquliyev isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun hələ də vəzifədə saxlanılmasına etiraz edib. O bildirib ki, "Naxçıvanbank"ın tətbiq etdiyi qərarın başqa banklar üçün tətbiqinin qeyri-mümkünlüyü barədə Mərkəzi Bankın açıqlaması qəbuledilməzdir: "Bu cür yanaşma olmaz. Banklar 30-36 faizlə kredit verir. Zəhmət çəkib ən azı 370 nəfəri öz üzərinə götürüb köhnə faizlə kredit versinlər”.
Deputat Vahid Əhmədov isə 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılması barədə təkliflə çıxış edib: "Bundan başqa, əmanətlərin sığortalanmasının əhatəsinin genişlənməsi və əmanətlərin banklarda saxlanılmasında banklara yardım üçün qorunan əmanətin maksimal məbləğinin 30 min manatdan 500 min manatadək artırılması yaxşı olar. Korporativ idarəetməsi yüksək olan banklarda isə bu limit aradan qaldırılmalıdır. Digər təklifimiz isə bankların öz aralarında danışaraq iri maliyyə bankları yaratması ilə bağlıdır ki, beləliklə faizlərin aşağı düşməsi mümkün ola bilər".
Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ hazırda araşdırılır və yaxın bir ay ərzində bununla bağlı tədbirlər planı açıqlanacaq: “Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək". O. Əsədov bankların kreditlə bağlı probleminə də toxunub: “Bu məsələ planlı şəkildə həyata keçirməlidir. 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.(Apa)