Pensiyalar və sosial yardımlar artırılacaq

sosial
25-12-2015, 10:02 1161
Pensiyalar və sosial yardımlar artırılacaq Səlim Müslümov devalvasiyadan sonra bazarlarda aparılan araşdırmalardan danışıb.
Məzənnə siyasətinin dəyişməsi əhaliyə ödəniləcək pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə heç bir problem yaratmayacaq.
ANS TV-nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir həmçinin müavinət və yardımların devalvasiyadan sonra nə qədər dəyərdən düşməsinin bazarlarda aparılan araşdırmalardan sonra bəlli olacağını bildirib.
Dövlət Sosial Müdafiə Fondunun sədri isə növbəti ildə pensiyaların artırılmasına aydınlıq gətirib.
Nazirin sözlərinə görə, devalvasiya ilə Yeni ilin yaxınlaşması müəyyən qədər üst-üstə düşdü: “Ona görə də Yeni il qabağı bazarlarda olan proseslər, formalaşacaq qiymətlər müəyyən qədər tam mənzərəni ortaya qoya bilməyəcək. Bu səbəbdən növbəti ilin ilk günlərində də bu prosesləri davam etdirməliyik.
Ondan sonra əldə olunacaq nəticələr əsasında vətəndaşların gəlirlərinə, xüsusilə aztəminatlı insanların dövlət hesabına əldə etdiyi gəlirlərin, yəni pensiyaların, müavinətlər, sosial yardımların nə qədər dəyərdən düşə bilmə ehtimalı, yaxud faktiki olaraq, nə qədər dəyərdən düşməsinin dəqiq mənzərəsini ortaya qoyacağıq. Yalnız bunun əsasında növbəti addımların nələrdən ibarət olacağını söyləmək olar”.
DSMF sədri Elman Mehdiyev bildirib ki, mövcud qanunvericilikdə hər il pensiyaların inflyasiya faizləri nəzərə alınmaqla indeksləşdirilməsi proseduru müəyyənləşdirilib: “Bu da illərdir davam edən məsələdir. Bu il ölkə prezidenti tərəfindən verilən sərəncama uyğun olaraq, pensiyaların sığorta hissəsi və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi aparılıb.
Təbii ki, növbəti ildə də 2015-ci il üzrə istehlak qiymətləri indeksi elan olunduqdan sonra həmin indeks səviyyəsinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablara toplanan pensiya kapitallarının indeksləşdirilməsi prosesi reallaşdırılacaq”.