KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ BU DÜNYADAN...

yazarlar
24-12-2015, 16:31 35045
KİMLƏR  GƏLDİ,  KİMLƏR  GETDİ   BU  DÜNYADAN... 1969-cu ildə Bakı Dövlət Universitetinin (o vaxt universitet S.M.Kirovun adını daşıyırdı) filologiya fakültəsinə daxil olmuşdum. Tofiq Hacıyevi də ilk dəfə bu universitetində görmüşdüm. Sonralar bildim ki, Tofiq Hacıyev ilk əmək fəaliyyətinə Xarici Dillər İnstitutunda başlayıb. Universitetə isə təzə keçib. Bizə «Azərbaycan ədəbi dili tarixi» fənnini tədris edirdi. Bu fənnin isə doğma dilimizdə dərsliyi yox idi. Odur ki, Tofiq müəllimin əvəzedilməz mühazirələrini dinləyir, qeydlər aparır və elə imtahana da bu mühazirələr əsasında hazırlaşırdıq. Beləcə universitet həyatım bitdi. Şəhərdə yaşamağıma baxmayaraq, təyinat vaxtı mən rayonu seçdim. Allah qəni-qəni rəhmət eləsin, yeri behişt olsun, müəllimim, diplom rəhbərim olan akademik Ağamusa Axundov israrla mənim universitetdə qalmağımı və aspiranturaya girməyimi təkid edirdi. Amma mən gənc ailə olaraq yoldaşımın yaşadığı rayonu seçmək məcburiyyətində qaldım. Nəticədə doğma universitetimdən, arzuladığım elm yolundan uzaq düşdüm. 1977-ci ildə zaman məni yenidən Bakıya qaytardı və mən bitirdiyim universitetin kitabxansında işə düzəldim. Çox sevdiyim və xüsusi hörmət bəslədiyim müəllimlərimdən biri olan Elmira Həsənova məni hər dəfə görəndə «Qızılgül, bu kitabxanada qalma, özünə, bacarığına heyfin gəlsin, get mövzu götür, müdafiə et» − deyə məni hər dəfə danlayırdı. Amma mən də hər dəfə «artıq gecdir» − deyə söhbətdən yayınırdım. Bir altı-yeddi il də vaxtımı belə xərclədim. Nəhayət, bir dəfə Elmira xanım məcburən məni Tofiq Hacıyevin yanına apardı və min tərif vuraraq məni disserant götürməsini xahiş etdi. Amma Tofiq müəllim «mən hər adamı qəbul edə bilmərəm, qoy mənə bir yazı gətirsin. Məsələn, qoy Qabil İmamverdiyevin dili haqqında bir məqalə yazsın, qələminə bələd olum, sonra baxarıq» dedi. Mən də Qabil İmamverdiyevin dili ilə bağlı iyirmi yeddi səhifəlik bir məqalə yazdım və ona təqdim etdim. Oxudu, bəyəndi və, nəhayət, razılıq verdi. Aspiranturaya girdim, bitirdim, təyinatımı isə aspirantı olduğum kafedraya – ailəmdən sonra ikinci isti ocağım sayılan türkologiya kafedrasına verdilər. Kafedra müdirimiz Tofiq Hacıyev idi. Beləliklə, həmin gündən etibarən öz ustadımla çiyindaş oldum. Tofiq müəllimin rəhbərliyi altında namizədlik dissertasiyamı da aspiranturadakı təhsil müddətində yazıb qurtardım və müvəffəqiyyətlə müdafiə etdim. Beləliklə, Tofiq Hacıyevin yetirmələri sırasına mənim də adım yazıldı. Bütün yetirmələri kimi mən də bundan qürur duydum, fəxarət hissi keçirdim, çünki ismi sayılan və seçilən, sözü isə dinlənilən və qəbul edilən bir şəxsiyyət idi mənim ustadım! Doğma universitetim məni belə say-seçmə alimlərin əhatəsində böyütdü, püxtələşdirdi. Professor Mircəlal Pşayev, professor Muxtar Hüseynzadə, akademik Ağamusa Axundov, professor Məmmədcəfər Cəfərov, professor Bəxtiyar Vahabzadə, professor Əlövsət Abdullayev, professor Səlim Cəfərov, professor Musa Adilov, Əli Fəhmi... kimi böyük alimlərdən elmin sirrlərini öyrəndim. Bu gün mənə elmdən bir pay verdiklərinə görə bu böyük insanların müqəddəs ruhları qarşısında baş əyirəm. Amma birbaşa elmi rəhbərim olduğundan və onunla eyni kafedrada işlədiyimdən dolayı məni bir alim kimi yetişdirən, elmi cəmiyyətə təqdim edən ustadım Tofiq Hacıyev oldu. Daim kafedrada onun elmi söhbətlərinə qulaq asdım, məsləhətlərini dinlədim və yerinə yetirdim. Kafedramıza gələn hər hansı bir şəxslə söhbəti zamanı magistrim, diplomçumla məşğul olduğum zaman belə işimi dayandırıb, «görəsən, bu gün Tofiq müəllimdən nə öyrənəcəyəm, beynimdə hansı elmi fikri daşlaşdırıb özümlə aparacağam» − deyə əlimdə qələm onu dinlədim, qeydlərimi apardım. Təvazökarlıqdan uzaq olmasın, o məni bir müəllim kimi də yetişdirdi, bir alim kimi də. Doktorluq dissertasiyamın da elmi məsləhətçisi Tofiq müəllim oldu. Çox sevinirəm ki, sağlığında doktorluq dissertasiyamı oxuyub çox yüksək fikir də söylədi. Amma təəssüflənirəm ki, üç il bundan əvvəl Tofüq müəllimin oxuyub mənə təhvil verdiyi bu dissertasiyanın müdafiəsini bir az səhlənkarlıq, bir az texniki şərtlər ucbatından gecikdirdim. Elə bu səbəbdən o tez-tez əsəbiləşir və hər dəfə məni tələsdirirdi, «tez ol, müdafiə elə, daha gecikdirmə» deyirdi. Müdafiəyə yaxın bir zamanda isə bu acı xəbər sarsıtdı məni. Buna görə indi özüm-özümdən utanıram və həmişə məni yüksək qiymətləndirən, haqqımda hamının yanında həmişə yüksək fikirlər söyləyən, mənə həmişə dəyər verən ustadımdan dönə-dönə üzr istəyirəm! Təkcə mənə yox, bütün yetirmələrinə qarşı belə idi Tofiq müəllim. Onlara həmişə bir ata şəfqəti ilə yanaşırdı mənim ustadım. Özü atasız böyüyən ustadım, nəinki müəllimlərə, tələbələrə, bütün tanıdıqlarına ata qayğısından bir pay verirdi!
Bəli, bu gün elmi ictimaiyyətdə akademik Tofiq Hacıyev kimi tanınan bu böyük insan atasını uşaqkən itirib. Odur ki, ata məhəbbəti, ata sevgisi, ata nəvazişi görməyib, bu hisslərdən əbədi məhrum olub. Anasının, böyük bacısının qayğısı ilə boya-başa çatıb, təhsil alıb. Nə qazanıbsa, dişi ilə, dırnağı ilə qazanıb Tofiq müəllim. Tamara xanımla saf bir təməl üzərində ailə həyatı qurub. Bütün yaşam tarixi boyu Tamara xanım onun qırılmaz qanadı olub. Filologiya elmləri namizədi, çox gənc ikən filologiya elmlər doktoru kimi elmi adların qazanılmasında Tamara xanım əzmkar səyi ilə ona dəstək olub. Ailəsini dolandırmaq üçün başqa ali məktəblərdə saathesabı dərs deməyə cəhd göstərəndə «yavan çörək yeyərəm, amma pul qazanmaq xatirinə vaxtını havaya sovurmağa imkan vermərəm» − deyib Tamara xanım! Beləcə əyilməz qadın vüqarı, evin qadın sütunu Tofiq müəllimi əbədi yol yoldaşı olan qələmindən ayrılmağa imkan verməyib. Bütün çətinliklərə sinə gərərək onu uşaq kimi bəsləyib, məhsuldar işləməsi üçün ona hər cür şəraiti yaradıb.
Əzizim minayə dəyər,
Qaşların min ayə dəyər.
İl var bir günə dəyməz,
Gün var, min ayə dəyər – deyib xalq. Müdrik kəlamdlr! Burada yanlışlıq yoxdur. Tofiq Hacıyevin ömür yollarına nəzər salsaq, kimsəsiz, arxa-dayağı olmadan əzab-əziyyətli yollar keçsə də, özünü həmişə xoşbəxt sayıb. Çünki ömür səlnaməsində illərə bərabər günləri çox olub. Həyatının bir günündən − İsmayılsız keçən ömrünün başlanğıcını qoyan 3 iyuldan savayı! Bu qara gündə ilk ciyərparəsi olan oğlunun faciəli ölümündən ata çökdü, ana çökdü, qöhum-əqrəba çökdü, bütöv bir nəsil çökdü! Amma 2015-ci il, noyabr ayının 27-də Tofiq Hacıyevin qəfil ölümü ilə bütöv bir millət çökdü, türk dünyası çökdü! Çünki elmimizin parlaq yanan bir işığı söndü! Çünki miillətimin təəssübkeşi getdi! Bütün ömrünü real elmi mənbələrdən pay alaraq soy kökümüzün təmiz türk başlanğıcını sübuta yetirən bir alim ömrü yandı! Çünki elmimizin ağsaqqalı həyata vida etdi! Çünki onsuz da uca olan «Dədə Qorqud»umuzu qələmi ilə hər gün bir boy ucaldan qorqudşünasimiz getdi! Milli dilimizin varlığını Dədə Qorqud dövründən başalayan milli ruhlu əsil bir türkçü getdi! Bütün zehnini, düşüncəsini, varlığını ədəbi dilimizin tarixini öyrənməyə sərf edən bir dil tarixçimiz getdi! Elmindən hər tələbəsinə bir pay verən müqəddəs ruhlu bir müəllimimiz getdi! Bütün ömrünü elmin ağır yükünü öz çiynində daşıya biləcək yüksək ixtisaslı kadr hazırlayan ustadımız getdi! Nəzəri həmişə yetirmələrinin əlində deyil, yazılarında gəzən təmənnasız bir şəxsiyyət getdi! Əməli ilə işi eyni səviyyədə olan bir insan övladı getdi! Savadlının arxasında duran, kasıbın durumunu yaxşılaşdırmaq üçün daim onlara əl uzadan bir dayağımız getdi! Boyca balaca olsa da, bu dünyanın ən böyük və ən uca İNSANı getdi! Nə etmək olar? Bu dünya fani dünyadır, vəfasız dünyadır, çünki aldığını qoruya bilmir! Tez və ya gec Allahın hökmü ilə onu haqq dünyasına göndərir. Sonluq ona gətirir ki, analar, atalar öz övladlarından, bacılar qardaşlarından, qadınlar öz həyat yoldaşlarından məcburən ayrılır. Analar qara saçlarını ağ hörürlər. Tamara xanım kimi! Yox, yanlış anlamayın, Tofiq müəllimin qəfil ölümündən sonra yox! Oğlunun, gözünün ilk ovu İsmayılın ölümündən sonra onun siyah saçları bəyazlaşıb. Daha bəyazdan ötə bir rəng yoxdur ki, Tofiq müəllimdən sonra təbiət Tamara xanımın saçını o rəngə boyasın! Axı Tamara xanımın ömür-gün yoldaşı, dağı yıxıldı! Təəssübkeş, zəhmətkeş gəlini, bağışlayın üzr istəyirəm, gəlini yox, qızı, iniltisi sinələri dağlayan, «kaş ki»lərin əlində qalıb özünü yoxdan günahkar sayan Rəhilə xanımın ən yaxın dostu getdi! Özü də naxələflik edib onunla vidalaşmadan getdi! Yeganə övladı Azərin həyatdakı ən böyük arxası olan ata dayağı getdi! Həyatının ən böyük mənası olan boynubükük nəvələrinin − Simrahın, Turanın, Türkanın dağ vüqarı getdi! Teymurun, Çingizin və Əsmərin əvəzolunmaz dədəsi getdi! Bəli, sözün əsil mənasında əvəzolunmaz! Əvəzolunmaz həyat yoldaşı, əvəzolunmaz ata, əvəzolunmaz qaynata, əvəzolunmaz baba, əvəzolumaz dədə, əvəzolunmaz elmi rəhbər...!!! Bu əvəzolunmazlığı sadalasaq, uzun bir yolun yolçusu olarıq. O təkcə böyük alim deyildi, o, adı boyük hərflərlə yazılan bir İNSAN idi. İnsan üçün tələb olunan nə var idisə, hamısı onun alimliyinin ucalığında dayanırdı. Odur ki, Tofiq müəllim evdən getmədi, eldən getdi! Onu son mənzilə yola salan insan seli də bundan xəbər verirdi. Gələn insanları yerləşdirmək üçün açılan lojalar da bundan xəbər verirdi. O böyük salona yerləşməyib arakəsmələrdə, orada da yerləşməyib çöldə ayaq üstə dayanan yüzlərlə adamlar da bundan xəbər verirdi. Üç məclisindəki insan axını, iynə atmağa yer olmayan məkan da bundan xəbər verirdi. Dolan gözlər, durmadan yanaqlardan axan və yaz yağışına bənzər yaş seli də bundan xəbər verirdi. Bu, adi bir şey deyildi. Bütün bunlar Tofiq müəllimin həyatda qazandığı halalca hörmətinin nəticəsi idi! Bütün ömrü boyu hər kəsə təmənnasız köməyinin yekunu idi! Bu, yaxşılığı itirməyən xalqın, millətin Tofiq müəllimə son ehtiramı idi!
Eh, kimlər gəldi, kimlər getdi bu dünyadan? 1936-cı il, may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində ailənin sonbeşiyi olan bir körpə gəldi bu dünyaya. Soyadı Hacıyev idi, adını da Tofiq qoydular. Gələn bir körpə idi. Bəs gedən kim oldu bu dünyadan?! Görkəmli türkoloq-alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Əməkdar Elm xadimi, Şöhrət ordenli və Ləyaqət nişanlı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaqaüdçüsü, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, türkologiya kafedrasının müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü, «Türk dünyasına xidmət» ödülünün, eləcə də Atatürk Dil Qurumunun Üstün Hizmət Baratının sahibi, Qaraman Türk Dili mükafatçısı, türk dünyasının təəssübkeşi, türk dillərinin yorulmaz tədqiqatçısı, sözün əsil mənasında qələmi əlindən düşməyən, 36 kitabın, 500 – dən cox elmi məqalənin müəllifi olan bir elm fədaisi getdi bu dünyadan! Amma cismən getdi, Fəzlullah Nəimi demişkən, ruhunu yetirmələrində qoyub getdi! Nə etmək olar, «gəlimli gedimli dünya, son ucu ölümlü dünya»dır bu dünya! Əvvəl-axır hamımız o yolun yolçusuyuq. Kimimiz tez, kimimiz gec! Amma bu bir reallıqdır ki, gedəcəyik, vəssalam! Kaş ki, Siz belə getməyəydiniz, Tofiq müəllim!
Dəfn mərasimində Sizə «xocaların xocası, bəylərin bəyi, asların ası, xasların xası...» dedilər. Mütəmadi olaraq televizorda Sizə həsr olunmuş verilişlərdə milli kökə bağlılığınıza görə, millət adamı olduğunuza görə, dilimizin keşiyində əzmkarlıqla dayandığınıza görə, elm yolunda həyatınızı bir şam kimi yandırdığınıza görə Sizi «müasir dövrün Mahmud Kaşğarisi, müasir dövrün Füzulisi» də adlandırdılar. Yaxşı ki, sağ ikən qulağınız eşidə-eşidə bu adlarla müjdələndiniz! Elə həyatda qazandığınız bu dəyərlərə görə onsuz da cənnətlik olan əbədi dünyanızda nurlar içində yatasınız, mənim ucadan uca müəllimim! Son olaraq nə deyim ki, gedişinizlə yandırdığıız qəlblərə bir az sərin su çilənsin! Bəlkə, belə deyim: «Uzun illər ayrı düşdüyünüz, amma indi gözünüzün ilk ovu olan İsmayıla qovuşaraq qurduğunuz yeni məkanınız mübarək olsun, mənim əbədiyaşar ustadım!» AMİN!!!
QIZILGÜL ABDULLAYEVA
Bakı Dövlət Universitetinin dosenti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü