Prezident süni bahalaşmaya yol verənlərə xəbərdarlıq etdi

siyaset
23-12-2015, 16:35 1144
Prezident süni bahalaşmaya yol verənlərə xəbərdarlıq etdi Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunlarından danışan Prezident İlham Əliyev dünyadakı siyasi və iqtisadi gərginliyin fonunda Azərbaycanda baş verən hadisələrə - manatın devalvasiyasına, neftun ucuzlaşmasınatoxunub.
Ölkə başçısı bildirib ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib.
Prezidentin sözlərinə görə, manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir.
"Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin 3 dəfə düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirik ki, neftin qiyməti sabitləşsin. Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəndə biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Hazırda neftin qiyməti 36 dollara düşüb".
Prezident vurğulayıb ki, ABŞ-da dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir: "Burada digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti il ərzində birdən-birə 3 dəfə düşsün".
İlham Əliyev hesab edir ki, bu, düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil: "Sadəcə, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir. Buna baxmayaraq, biz çalışacağıq ki, bu vəziyyətin fəsadlarını minimuma endirək".
Dövlət başçısı süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirlərinin görüləcəyini vurğulayıb: “Çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtərikliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadi-maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İqtisadi liberallaşma, inhisarçılığa qarşı mübarizə sahəsində tədbirlər görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”.
İlham Əliyev hökumətin qarşısında makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının, yanacağın qiymətlərinin sabit saxlanması ilə bağlı vəzifələrin qoyulduğunu diqqətə çatdırıb.