İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına görə HƏDƏLƏDİ

sosial
23-12-2015, 14:31 1108
İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına görə HƏDƏLƏDİ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda məlumat yaysa da, istər paytaxt Bakıda, istərsə də bölgələrdə belə hallar müşahidə olunmaqdadır.
Manatın 21 dekabr devalvasiyasından sonra bir sıra ərzaq məhsullarında bahalaşma qeydə alınıb. Marketlərdə isə bir sıra məhsulların qiymət artımı ilə yanaşı, qıtlığı da müşahidə edilməyə başlayıb. Son olaraq unun kisəsinin qiymətinin artması ilə bağlı məlumatlar paylaşılmışdı. Artıq bu gündən bəzi marketlərdə 30 qəpiklik çörək 50 qəpiyə satılır.
“Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət olunur və qiymət dəyişikləri təhlil olunur”. Bu sözləri Modern.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev marketlərdə və bazarlarda suni qiymət artımları haqqında yayılan məlumatları şərh edərkən bildirib.
“Hazırda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Təhlil prosesləri aparılır. Suni qiymət artımı, suni qıtlığın yaradılması halları ilə rastlaşıldıqda bununla bağlı müvafiq addımlar atılacaq və bu haqda mətbuata məlumat veriləcək”.