Devalvasiya ərzaq qiymətlərinə təsir etməməlidir

iqtisadiyyat
22-12-2015, 10:01 1029
Devalvasiya ərzaq qiymətlərinə təsir etməməlidir İqtisadiyyat və Sənaye Nazirliyi bu istiqamətdə monitorinqlərə start verib.
Dolların bahalaşmasından sonra mağazalarda qiymətlərin artması fikri yer aldı.
ANS TV-nin mlumatına görə, manatın dollara nisbətən ucuzlaşması ölkədə istehlak mallarının qiymətilə bağlı müxtəlif məlumatların yayılmasına səbəb olub.
Sosial şəbəkələrdə bəzi marketlərdə qiymət artımı, mağazalarda malların vitrinlərdən yığışdırılması, hətta bəzi dükanların ümumiyyətlə bağlanması ilə bağlı xəbərlər yayıldı.
Lakin bu gün mağaza və marketlərdə apardığımız müşahidələr yayılan xəbərlərlə üst-üstə düşmədi. Məzənnə dəyişikliyi, qiymətlərə təsir edibmi sualına alıcıların cavabı oxşar oldu.
Alıcı Oqtay Cəfərov deyir ki, qiymətlərin artıb-artmayacağı iki-üç gündən sonra bəlli olacaq.
Qiymətlərin olduğu kimi qalmasına səbəb mağazalarda satışa təqdim olunan malların manatın ikinci devalvasiyasından əvvəl alınmasıdır.
Supermarketin icraçı direktoru Zöhrab Zeynalov sözlərinə görə, hələlik qiymətlərdə artım yoxdur və gözlənilmir.
Market sahiblərinin sözlərinə görə, bu gün qəribə olan yenilik ondan ibarətdir ki, vətəndaşlar qiymətlərin qalxacağını düşünərək böyük həcmdə ərzaq məhsulları almağa çalışırlar. Alıcıların belə aktivliyi satışda olan malların həcminin azalmasına səbəb olur.
Market inzibatçısı Adil Məlikzadə qeyd edir ki, marketə gələn alıcılar əvvələr 10 yumurta alırdısa, indi 30-50 ədəd yumurta alır ki, gələcəkdə qiymətlər artarsa, bundan qazanclı çıxsınlar.
Mütəxəssislər bildirir ki, dolların bahalaşması ərzaq bazarına təsir göstərməməlidir. Çünki, minimum istehlak zənbilinə daxil olan malların əksəriyyəti Azərbaycanda istehsal olunur.
Bundan başqa hökumət Rusiya və Qazaxıstanda olduğu kimi süni qiymət artımına qarşı mübarizə aparmalıdır.
Artıq İqtisadiyyat və Sənaye Nazirliyi bununla bağlı monitorinqlərə start verib.