"Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir" - Dolların qiyməti haqda şərh

iqtisadiyyat
21-12-2015, 11:21 1179
"Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir" - Dolların qiyməti haqda şərh Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın növbəti dəfə ucuzlaşmasına münasibət bildirib.
Mərkəzi Bank bu qərarı çoxdan verməli idi:
“Bununla da yumşaq devalvasiyanın tənzimlənən prinsipinin tətbiqi həyata keçiriləcək. Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir. Bu azalma davam etməkdədir və uzun müddət davam edə bilməzdi. Qonşu ölkələrdə valyutalar dəyərdən düşür, biz isə ehtiyatlardan istifadə edərək manatın məzənnəsini qoruyub saxlayırdıq. Ona görə də üzən məzənnə siyasətinə keçmək mütləq idi. Manat gec-tez öz dəyərini almalıdır. Hansı səviyyədə qərarlaşacaq, onu zaman göstərəcək”.
Deputat “Manat hansı həddə qədər ucuzlaşa bilər” sualına “bunu heç kim söyləyə bilməz” cavabını verib:
“Rəqəmləri söyləmək düzgün olmaz, amma proses gedəcək. Bütün bunlar isə neftin dünya bazarlarındakı qiymətlərindən asılı olaraq tənzimlənəcək. Azalmalar davam edəcəksə, bu yaxşı heç nə vəd etməyəcək. Əksinə neftin qiyməti qalxarsa, baxmayaraq ki, bu da inandırıcı deyil, o zaman problem müəyyən qədər həll oluna bilər”.