"Türkiyə-Rusiya gərginliyi martda bitəcək"

arasdirma
21-12-2015, 09:52 1193
"Türkiyə-Rusiya gərginliyi martda bitəcək" Həm türk, həm də rus xalqının ziyana düşməməsi üçün əlimizdən gələni edirik.
Türkiyənin ticarət və gömrük naziri Bülent Tüfenkçi ölkəsi ilə Rusiya arasında yaranmış gərginliyin bitəcəyi tarixi açıqlayıb. ANS PRESS-in məlumatına görə, nazir münasibətlərin getdikcə normal hala döndüyünü bildirib.
“Bibər, xiyar, pomidorda sıxıntı yoxdur. Portağal, mandarin kimi məhsullarda sıxıntı var. Onlar daxili bazarda ucuzlaşıb. Sadəcə Rusiyaya ixrac edilən tikanlı xiyar vardı ki, onun da qiyməti bahalaşıb. İstehsalçı razıdır. Ayaqqabı ixracatı embarqodan sonra daha da çoxalıb.”
Rusiyanın bu böhranı dərinləşdirməyə çalışdığını deyən nazir Tüfəkçi böhranın çox davam etməyəcəyini bildirib.
“İlk günlərə nisbətən gömrükdən qaytarılan ixrac malları azalıb. Hər şey yavaş-yavaş normallaşır. Rusiya böhranı dərinləşdirməyə çalışsa da, bizim belə bir fikrimiz yoxdur. Rumıniya, İran və Azərbaycan kimi variantlar yarandı. TIR, yük maşını ticarətləri Rumıniya və Bolqarıstana yönləndirildi. Həm türk, həm də rus xalqının ziyana düşməməsi üçün əlimizdən gələni edirik. Çox davam etməyəcək. Fevral-mart aylarında bu gərginlik azalacaq, zəifləyəcək.”
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.