Azərbaycan ailələrində 2-ci qıza görə 10 min manatın verilməsi gerçəkləşir

maraqli
17-12-2015, 13:26 1059
Azərbaycan ailələrində 2-ci qıza görə 10 min manatın verilməsi gerçəkləşir Komitə sədri: “10 min manatın arzusunda olanlar çoxdur, ona görə də bu addım gələcəkdə oğlan qıtlığına səbəb ola bilər”
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda 2-ci qız övladının doğulmasına görə verilməsi nəzərdə tutulan 10 min manatla bağlı əhali arasında yaranan suallara aydınlıq gətirib.
Komitə sədri Modern.az saytına deyib ki, məsələ müzakirə predmeti olsa da, bu haqda qanunun qüvvəyə minməsindən danışmaq hələ çox tezdir: “Hazırda Azərbaycanda doğulan hər 100 qıza 117 oğlan düşür. Statistika göstərir ki, bu, dünyada Çindən sonra ikinci göstəricidir. Bütün mütəxəssislər hesab edir ki, proses belə davam edəcəyi təqdirdə 18-20 ildən sonra ailə quracaq oğlanlar üçün problemlər yarana bilər. Təkliflər sırasında ailələrdə doğulacaq 2-ci, 3-cü qız uşaqlarına görə yardım edilməsi çox düzgündür. Bundan başqa, xüsusi mükafatlar da ola bilər. Eyni zamanda, bu təklif abortların da qarşısını almağa yönəlib”.
Aqiyə Naxçıvanlı bildirib ki, məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılır:
"Məndə olan məlumata görə, mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlanıb və 2015-2020-ci illər üçün nəzərdə tutulan demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsinə dair Dövlət Proqramına daxil edilib.
Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək və buna müvafiq qərar qəbul ediləcək”.
Deputat məsələyə həssaslıqla yanaşılmasının tərəfdarıdır: “Çünki bu yenilik baş tutarsa, 10 ildən sonra əks-effekt də verə bilər. Hazırda 10 min manatın arzusunda olanlar çoxdur. Bu məbləğə görə oğlan dölləri məhv edilə bilər. Bu da gələcəkdə oğlan qıtlığı məsələsini gündəmə gətirə bilər. Düşünürəm ki, məsələyə bütün mütəxəssislər tərəfindən, kompleks şəkildə, həm də həssas yanaşmaq lazımdır. Yəni 10 min manat doğrudanmı abortların qarşısını alacaq, problemi həll edəcək, bəlkə bu məbləğin verilməsi müvəqqəti olmalıdır? Düşünürəm ki, müzakirəyə çıxarılanda həssaslıqla yanaşmaq lazımdır”.