Azərbaycan "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulacaqmı?

siyaset
15-12-2015, 11:42 991
Azərbaycan "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulacaqmı? Azərbaycanın "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulması ilə bağlı rəsmi müzakirələr aparılır.
Bunu sorğusuna cavab olaraq, XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub və bu xüsusda təmaslar davam etdirilir:
"Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hal-hazırda məsələyə baxılır".
H.Hacıyev qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə Terrorizmə qarşı İslam hərbi koalisiyası yaradıb. Yeni koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərində yerləşəcək.
Səudiyyə Ərəbistanının müdafiə naziri Muhammed ibn Salman al-Saud bildirib ki, hərbi koalisiya öz fəaliyyətini böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq. Nazir vurğulayb ki, islam dininə görə, terror aktları cinayət hesab olunur.
Koalisiyaya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Kot-d`İvuar, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları, Malayziya daxil olub.
Aralarında İndoneziyanın da olduğu daha 10 dövlətin koalisiyaya "dəstək verdiyi" qeyd olunur.
Səudiyyə Ərəbistanının regiondaki əsas rəqibi sayılan İran koalisiyaya daxil olmayıb. Yeni quruma, həmçinin, Suriya, İraq və Oman qatılmayıblar.