Şəhid atası: "Oğlumun qanı çilənmiş Ağdərəyə qədər gedəcəyəm!"

sosial
18-08-2015, 15:14 984
Şəhid atası: "Oğlumun qanı çilənmiş Ağdərəyə qədər gedəcəyəm!" Müdafiə Nazirliyindən aşıq Hüseyn Əzizoğlu Ağstafa rayonunun Yuxarı Göycəli kəndində yaşayır. Ağstafa şəhərindəki "Yazıçılar evi"nin nəzdində olan saz məktəbinin müəllimidir. El içində böyük hörmət sahibi olan, yaşı 60-ı çoxdan haqlamış bu kişini hamı vətənpərvər, torpaqsevər bir el sənətkarı kimi tanıyır.
Aşıq Hüseynin oğlu Şahlar Hüseynov 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O gündən şəhid atası nəinki sədəf sazı ilə vidalaşıb, hətta sazını cəng havacatlarına kökləyərək cavanları Vətən uğrunda müqəddəs savaşlara səsləyib.
Hoydu igidlərim, düşmən üstünə,
Şəhidlər qisasa çağırır sizi...
Son günlər Aşıq Hüseyn Əzizoğlunu tez-tez cəbhə bölgələrində əsgərlərin arasında görmək olar. Ustad aşıq ölməz şairimiz Səməd Vurğunun "Çiçək vaxtı deyil indi, barıt vardır havalarda" və "Qoy hər sözün ciyərilə nəfəs alsın bir qəhrəman" misralarını bayraq edərək əsgərlərimizdə xoş ovqat, qələbə ruhu aşılamaqla oğul itkisini unutmağa çalışır.
"Mən şəhid atasıyam. Bununla fəxr edirəm. Oğlum Ağdərə uğrunda qanlı döyüşlərin birində qəhrəmanlıqla həlak olub. Düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verib. Qisasını özü sağlığında alıb. Bunu döyüşçü dostları yaxşı xatırlayırlar. Təki Vətən sağ olsun! Oğul düşmən çəpəri deyilmi?! And içmişəm, mən də Vətən əsgərlərinə qoşularaq şəhid ruhları başım üstə qalib Azərbaycan əsgərini tərənnüm edə-edə düz Şuşaya, Laçına və oğlumun qanı çilənmiş Ağdərəyə qədər gedəcəyəm. Bax, o vaxt şəhid Şahlarımın da ruhu şad olacaqdır", - deyir şəhid atası Aşıq Hüseyn.