Daha bir prezident Bakıya gəlir

siyaset
4-12-2015, 09:58 1039
Daha bir prezident Bakıya gəlir Pyotr Poroşenkonun səfəri gələn ilin birinci yarısında baş tutacaq.
Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana 2016-cı ilin ilk yarısında rəsmi səfər etmək niyyətindədir.
Bu barədə Ukrayna prezidenti administrasiyasının rəsmi saytında bildirilir.
"Ukrayna nümayəndə heyətinin Azərbaycan prezidenti ilə görüşü zamanı Ukrayna-Azərbaycan hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı hazırlıq məsələləri müzakirə edilib. Ukrayna prezidentinin Azərbaycan Respublikasına rəsmi səfəri təxminən 2016-cı ilin birinci yarısında olacaq", - deyə məlumatda qeyd olunur.
Daha əvvəl telefon söhbətində Poroşenko və Əliyev yüksək səviyyədə siyasi dialoqun aktivləşməsinə hazırlıqlarını bildiriblər.
Keçən ay baş tutan Ukrayna və Azərbaycan prezidentlərinin telefon danışığında ölkə liderləri ərazi bütövlüyü və milli təhlükəsizlik istiqamətində müzakirələr aparıb. Poroşenko İlham Əliyevlə telefon söhbəti zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb. Prezidentlər ərazi bütövlüyü və milli təhlükəsizlik istiqamətində təhlükələrə qarşı mübarizədə ölkələrinin imkanlarını birləşdimək məsələsini müzakirə ediblər.
"Milli təhlükəsizlik və ərazi bütövlüyü məsələsində xarici təcavüzə məruz qalan Ukrayna və Azərbaycan beynəlxalq hüququn baza prinsiplərinin qorunması üçün birləşməlidirlər", - deyə Poroşenko bildirmişdi. Bundan başqa, Poroşenko telefon danışığı zamanı Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və Dağlıq Qarabağ münaqişəsində Ukraynanın mövqeyinin dəyişməz qaldığını bir daha İlham Əliyevin diqqətinə çatdırıb.
Öz növbəsində İlham Əliyev bildirib ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bundan başqa, dövlət başçıları iki ölkə arasında siyasi dialoqun yenidən aktiv müstəviyə keçirilməsinə hazır olduqlarını bəyan ediblər.
İlham Əliyev - Azərbaycan prezidenti
Ukrayna və Azərbaycan ərazi bütövlüyünün pozulmasına görə əziyyət çəkir. Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonunu zəbt edib. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik aparılan danışıqlar yekun sülh razılaşmasının imzalanmasına gətirib çıxarmayıb.
Dağlıq Qarabağ xəritədə
2014-cü ildə Krım yarımadası Ukrayanadan ayrılıb. Rusiya həmin il referendum keçirərək yarımadanı ələ keçirib. Bundan başqa Donbass regionunda qondarma respublikalar yaranıb.