İbrahim Məmmədov: “Mənim vəzifəmə yalnız prezident xitam verə bilər"

siyaset
18-08-2015, 12:21 1020
İbrahim Məmmədov: “Mənim  vəzifəmə yalnız prezident xitam verə bilər" “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, “Həftə” analitik proqramının aparıcısı və müəllifi İbrahim Məmmədov son günlər televiziyada baş verən qalmaqallar, efirdən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sədrin müavini postuna prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib: “Mənim vəzifəmə yalnız prezident xitam verə bilər. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi yenə də işimin başında olacağam. Proqramın işçilərinin işdən çıxarılması məsələsi ilə bağlı isə heç nə deyə bilmərəm. Məzuniyyətdə olduğum üçün bu məsələlər barədə kanalın mətbuat xidməti açıqlama verə bilər”.
Qeyd edək ki, son vaxtlar “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində baş verən qalmaqallar, işdən çıxarılmalarla bağlı mətbuatda informasiyalar yer almaqdadır.
Məlumatlarda bildirilir ki. sədr Arif Alışanovla müavini İbrahim Məmmədov arasında yaranmış narazılıq İ.Məmmədovun aparıcısı olduğu verilişin bütün işçilərini AzTV-dən çıxarılması ilə nəticələnib. Arif Alışanovun İ.Məmmədovu işdən azad edə bilməməsinə səbəb isə aparıcının prezidentin sərəncamı ilə sədrə müavin təyin edilməsidir.
Aznews.az saytı isə yazıb ki, İ.Məmmədovun aparıcısı olduğu “Həftə” verilişi iki həftə efirə getməsə də, ötən həftə verilişi AzTV-yə yeni təyinat alan Rövşən Raqifoğlu aparıb.
Telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova deyib ki, İ. Məmmədov hazırda rəsmi məzuniyyətdədir: " Ona görə də verilişi müvəqqəti olaraq R.Raqifoğlu aparır”.
Telekanal sözçüsü “Həftə” verilişinin redaksiya heyətinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib: “Həmin redaksiyada bəzi işçilərin müqavilə müddətləri bitib, yenilənməyib deyə işdən ayrılıblar, bəziləri isə başqa verilişlərə keçirilib. “Həftə” proqramına tam yeni heyət cəlb olunub”.