Qulu Novruzov: “'Əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır”

tehsil
18-08-2015, 11:51 930
Qulu Novruzov: “'Əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır” "Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəlməlidir"
Bakı. Fərid Mirzəyev – APA. “Müəllim hazırlığının səviyyəsi ilə bağlı müəyyən iradların olması təbiidir. Çünki yaşadığımız qlobal dünyada dəyişikliklər sürətlə gedir. Bu dəyişikliklər də öz növbəsində cəmiyyətimizin bütün sahələrində, o cümlədən təhsil sahəsində, onun kadr potensialının inkişafı sahəsində islahatların aparılmasını tələb edir”.
Bunu APA-ya açıqlamasında Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Qulu Novruzov deyib. O bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması da bu zərurətdən irəli gəlib: “Bu sənəddə açıq şəkildə qeyd olunur ki, “Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əməkhaqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərib. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəlməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır”.

Q. Novruzovun sözlərinə görə, son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanıb: “Fəal-interaktiv təlim texnologiyaları sınaqdan keçirilib. Bununla yanaşı, əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda təhsil alanlara əldə etdiyi bilikləri tətbiq etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır. Bundan əlavə, aydın şəkildə göstərilir ki, “Müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də, ümumilikdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pillələrində kurikulumların inkişafı iqtisadiyyatın inkişafı dinamikasından geri qalır. Müəllim hazırlığının istər məzmun, istərsə də təşkili məsələləri ilə bağlı Dövlət Strategiyasında xeyli iradlar qeyd olunub və strateji olaraq onların ölkə miqyasında aradan qaldırılması planlaşdırılıb”.
TPİ-nin direktoru əlavə edib ki, rəhbərlik etdiyi institutda “Müəllim hazırlığının kurikulumu”, “Əlavə təhsilin kurikulumu” şöbələri yaradılıb: “İslahatın tələbləri baxımından İnstitutda struktur dəyişiklikləri apararkən, ilk növbədə müəllim hazırlığına elmi pedaqoji aspektdə düzgün istiqamət verilməsinin təmin olunmasını nəzərə almağa çalışdıq. İnstitutun strukturunda digər elmi şöbələrlə yanaşı, “Müəllim hazırlığının kurikulumu”, “Əlavə təhsilin kurikulumu” şöbələrini yaratdıq. Bu şöbələrin başlıca missiyası həm ilkin müəllim hazırlığının, həm də müəllimlərin peşəkarlığının yüksəldilməsi üzrə pedaqoji məsələləri araşdırmaqla bu işin inkişafına dəstək verməkdən ibarətdir. Hazırda həmin şöbələrdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası istiqamətində araşdırmalara başlanıb. Həm ilkin müəllim hazırlığının, həm də müəllim peşəkarlığının artırılmasının nəticəyönümlü məzmununun hazırlanması nəzərdə tutulub”.
Q. Novruzov qeyd edib ki, müəllimlərin hazırlıq səviyyəsi barədə danışarkən ona birtərəfli qiymət vermək, bəzi çatışmazlıqları ümumiləşdirərək onu bütün müəllimlərə şamil etmək olmaz: “Çünki bütün zamanlarda olduğu kimi, bizim dövrümüzün də özünün istedadı, qabiliyyəti, peşəkarlığı ilə seçilən müəllimləri var. Onlar ölkənin təhsil prosesində fəal iştirak etməklə ali məktəbə qəbul olan, medal alan, olimpiadalarda iştirak edən, yüksək yerlər tutan, ən başlıcası bir vətəndaş kimi həyata hazırlanan övladlarımızın yetişməsində böyük əmək sərf edirlər. Bilirsiniz, bir çox hallarda müəllimlərə sadəcə, bilik öyrədən bir şəxs kimi yanaşır, onların potensial imkanlarını bu prizmadan qiymətləndirirlər. Əslində cənab nazir Mikayıl Cabbarovun bu yaxınlarda televiziyalardan birinə verdiyi müsahibəsində qeyd etdiyi kimi, müəllim dəyərlərə sahib olmaqla, həm də vətəndaş yetişdirmək missiyasını yerinə yetirir”.