“Aztelekom”un baş direktoru və işçiləri həbs edildi

siyaset
17-11-2015, 11:32 1090
“Aztelekom”un baş direktoru və işçiləri həbs edildi M.Məmmədov da Milli Təhlükəsizlik Nazirliyi ətrafında aparılan istintaq işi ilə əlaqədar saxlanılıb.
Onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib.
Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidməti bir müddət öncə rabitə sahəsində həbs edilənlərin başqa bir siyahısını da açıqlamışdı.
Rəsmi məlumata görə, iş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.