“İlk dəfə səhnədə” - “Elə bildilər boğazıma aparat yerləşdirmişəm, açıb baxdılar”

musahibe
11-11-2015, 14:39 1071
“İlk dəfə səhnədə” - “Elə bildilər boğazıma aparat yerləşdirmişəm, açıb baxdılar” Rubrikada adından da göründüyü kimi, səhnə adamlarının-aktyor, müğənni, musiqiçi, rəqqasların səhnəyə ilk dəfə çıxdıqları anın təəssüratları oxuculara çatdırılır. Bu dəfə xalq artisti, Opera və Balet Teatrının solisti Gülyanaq Məmmədova ilk səhnə həyəcanından danışır.
Xalq artisti ilk dəfə həvəskar ifaçı kimi səhnəyə çıxdığı zamanı xatırlayır. O vaxt 7 yaşı olub. Orta məktəbin kiçik “səhnə”sində sonradan heç vaxt ayrılmayacağı bacısı Gülyazla ifa etdiyi uşaq mahnısı isə onların ilk dueti olub:
“O zaman uşaq idim, birinci sinfi bitirirdim. “Əlifba” bayramı ilə bağlı tədbir keçirilirdi, ilk dəfə səhnədə “Nargilə” mahnısını ifa etdim. Ondan bir il sonra, yəni 8 yaşım olanda Gülyazla birlikdə duet oxumuşuq.
O, zaman heç ağlımıza da gəlməzdi ki, səhnədə hər zaman birlikdə olacağıq və insanlar bizi bu cür tanıyacaqlar. Elə o vaxtdan bu yana Gülyazla oxuya-oxuya gəlirik...”.
Sonra Gülyanaq Məmmədova ilk dəfə Şəkidən Bakıya gəlir. Bakıda ilk dəfə 9 yaşınd gördüyü səhnəni bu cür xatırlayır:
“Bir il sonra Azərbaycan Dövlət Filarmoniyasında müsabiqə təşkil olundu. Mən o müsabiqədə qalib oldum. Biz Şəkidən gəlmişdik, müxtəlif rayonlardan gələn uşaqların içində mən seçildim. “Azərbaycan gəncləri” mahnısı ilə Filarmoniyada keçirilən yekun konsertdə iştirak etdim. “9 yaşlı qalib” adı ilə “Azərbaycan gəncləri” qəzetində məqaləm çıxdı. Bu mənim kiçik yaşlarımda qazandığım ilk uğurum idi.
İlk dəfə idi Bakı kimi şəhərə gəlirdim və ilk dəfə idi Filarmoniyanın səhnəsində çıxış edirdim. İndinin gözü ilə geriyə baxanda hiss edirəm ki, Şəkidən gələn 9 yaşlı bir qız kimi mahnını nə dərəcədə ləhcə ilə oxumuşam... Amma yenə də o qədər uşağın içində münsiflər ilk yeri mənə verdilər. Yəqin ki, çox şirin bir ifam olub...”.
Sonra tələbəlik illəri başlayır. Artıq Gülyanaq Məmmədova peşəkar səhnəyə çıxmaq üçün püxtələşmək mərhələsindədir. Amma yenə də ləhcə ona mane olur. Buna baxmayaraq, rəsmi tədbirlərin birində səhnəyə çıxır və peşəkar səhnənin ilk həyəcanını yaşayır:
“Sonra musiqi təhsili almaq üçün yenidən Bakıya gəldim. O zaman, daha dəqiq desək, 1993-cü ildə Rəşid Behbudov adına Mahnı Teatrında çalışmağa başladım. İlk çıxışım isə Oqtay Ağayevin 60 illik yubileyi ilə bağlı keçirilən tədbirdə baş tutdu. Bu tədbir həyatımda xüsusi rol oynadı. Çünki peşəkar səhnədə ilk dəfə orada çıxış etdim. Yubileydə səhnəmizin bir çox tanınmış şəxsləri iştirak edirdi. “Ad günün mübarək” mahnısını ifa etdim və hələ də yaxşı yadımdadır ki, həmin mahnını başdan ayağa Şəki ləhcəsi ilə oxudum. Bunu o vaxtlar hiss etmirdim, sonralar fərqinə vardım. Nədənsə, bu barədə kimsə mənə bir irad tutmadı. Əksinə, ifam hamının xoşuna gəlmişdi. Amma heç özümün də ağlımdan keçməzdi ki, aradan düz 10 il keçəcək və həmin Oqtay Ağayevin bu dəfə 70 illik yubileyində aparıcı olacağam... Sizi inandırıram, bu 10 il ərzində çox şey dəyişdi. Eyni sənətkarın 60 illik yubileyində utana-utana bir mahnı oxuyan mən, onun 70 illik yubileyinin aparıcısı oldum. Böyük sənətkar, sabiq nazir Polad Bülbüloğlu da Oqtay Ağayevin aparıcısı olduğum 70 illik yubileyində iştirak edirdi. Gözlərinə inanmadı. O, ənim bu vaxt ərzində bu dərəcədə püxtələşməyimə heyran qalmışdı”.
Xalq artisti ilk dəfə televiziyadakı ifasını da yaxşı xatırlayır. Bildiyimiz kimi, o zaman cəmi bir televiziya kanalı var idi. Bu gün efirdə görünən yeni müğənnini sabah az qala hər kəs müqayisə edirdi. Gülyanaq xanım da məhz o zaman efirə çıxır:
“İlk televiziya çıxışım tələbəlik illərinə təsadüf edir. Mən ilk dəfə “Sübh şəfəqləri” proqramında çıxış etdim. Amma efir səhnədən tamamilə fərqlənir. Onun həyəcanı da başqa cür olur. Sonradan buna da alışdım. İlk efirə çıxanda isə xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı ilə 5 mahnını solo ifa etmişəm. O ifaları dinləyəndə də Şəki ləhcəsi ilə ifa etdiyim açıq-aşkar hiss olunurdu. Sonra bunu aradan aldırmaq üçün çox çalışmalı oldum. Bunların hamısı illərin təcrübəsi nəticəsində başa gəldi”.
Gülyanaq Məmmədova ilk dəfə səhnəyə çıxdığı zaman maraqlı bir əhvalat baş verir. Bu, indi onun üçün maraqlı xatirəyə çevrilsə də, o zaman bu hadisəyə görə çox narahat olub:
“İlk iştirak etdiyim tədbirdə maraqlı bir hadisə baş verdi. Bəlkə də oxucular üçün adi qarşılanacaq. Ancaq siz böyük səhnəyə ilk dəfə çıxan gənc qızı göz önünə gətirin. Məhz onun üçün çox maraqlı bir hadisə idi. Deməli, səhnəyə çıxıb ifamı etdim. Avazım yaxşıydı, sadəcə ləhcəmdə problem var idi. Mən də çiynimə “pleç” qoymuşdum. O vaxtlar dəbdə idi. Mahnını oxuyub qurtardıqdan sonra baş əyəndə həmin pleçlərdən biri səhnənin ortasına düşdü. Ustadım Kamil müəllim məni diqqətsizliyimə görə danladı. Bu hadisə xatirimdə maraqlı bir əhvalat kimi qalıb. İlk dəfə səhnəyə çıxmışdım, həyəcandan əsirdim böyük sənətkarlarımızın qarşısındaydım. Lakin ifam bəyənildi, məni alqışladılar. Amma həmin kiçik hadisə bu gün də gözümün önündən getmir. Ondan sonra bəlkə də daha maraqlı və daha qəribə əhvalatlar olub. Amma ilk hadisə kimi onu unuda bilmirəm”.
Gülyanaq Məmmədova ilk dəfə xarici səhnədə başına gələn maraqlı hadisədən də söz açdı. Amma daha öncə sənətdə ona dayaq olanların adlarını çəkib minnətdarlığını bildirdi:
“Sənətə gəldiyim ilk vaxtlarda tərəf müqabilim mərhum Elçin Cəlilov olub. Kamil müəllim bizim üçün duetlər hazırlayırdı. 1995-ci ildən etibarən bir sıra xarici ölkələrə səfər etdim. Bacım Gülyaz xanım da mənə bir sənət yoldaşı kimi hər zaman dəstək olub. Bilal Əliyevlə çox gözəl duetlərimiz olub. Aybəniz Haşımova mənim teatra gəldiyim ilk illərdə orada çalışırdı. Lakin bəzi səbəblərdən o sənətinə bir qədər ara verdi. Teatrdakı təzə vaxtlarımda onun da mənə çox köməyi dəyib. Bəzi mahnılarda öz boğazlarını mənə öyrətdi. Həmkarlarımla yanaşı, ustadlarım da mənə hər zaman dəstək olublar. Nəriman Əliyev, Kamil Vəzirov ustadlarımdı, onlardan çox şey öyrənmişəm. Universitet illərində Canəli Əkbərov ustadım olub. Faiq Zöhrabov aktyor sənətində mənim müəllimim olub. Mən xanəndəlikdən əlavə aktyorluq sənəti üzrə də təhsil almışam. Bunları nəzərə alsaq, elə ən böyük dəstəyi müəllimlərimdən görmüşəm.
Mən hər zaman Leyli roluna heyran olmuşam. Bir neçə dəfə məşqlərdə iştirak etmişdim. İllər sonra bu obrazı öz istəyimlə ifa etdim. Üzeyir Hacıbəyovun bu əsəri o qədər sanballıdır ki, hər dəfə heyran oluram. Digər operalarımızı da sevirəm, amma mənə elə gəlir ki, “Leyli və Məcnun” operamızın şah əsəridir. Mən hələ də o obrazdan doymamışam”.
O, xarici ölkə səhnələrində başına gələn maraqlı hadisələrdən də danışır:
“Moskva səfərlərimin birində rəqs qrupu ilə həm mahnı oxumalı, həm də rəqs etməli idim. Mahnı oxuyanda ayaqqabımın dabanı səhnədəki taxtaların arasına ilişdi. Nə qədər çalışsam da çıxara bilmədim. Rəqsim olduğu üçün çıxılmaz vəziyyətdə qalmışdım. Axırda ayaqqabılarımı çıxartdım, hamı da elə fikirləşib ki, bu ssenarinin bir hissəsidir. Ayaqqabısız rəqs etmək daha asan idi, axırda da bir neçə dövrə fırlanmalı idim. Fırlandım, fırlandım axırda özümü yıxdım yerə. Beləcə tamaşa bitdi və izləyənlər tərəfindən çox bəyənildi.
1995-ci ildə İsveçdə iştirak etdiyim bir festivalda başıma maraqlı bir əhvalat gəlib. Festivalda boğazıma baxdılar. Onlar fikirləşirdilər ki, boğazıma aparat yerləşdirmişəm. Açıb baxandan sonra anladılar ki, heç bir aparat yoxdur. Onlar bu cür səsə heyran olmuşdular. Bu hadisəni bir neçə müğənni öz adından danışır, lakin mənim başıma gələn əhvalatdır. Hətta çəkiliş də aparılmışdı, kollektivimiz də bunun şahidi olub”.