MSK Elzanın şikayətinə baxdı

sou
6-11-2015, 11:34 798
MSK Elzanın şikayətinə baxdı Əməkdar artist YAP tərəfindən cəzalandırılacaq.
Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də keçirilmiş parlament seçkilərilə əlaqədar daxil olmuş şikayətləri araşdırır. Qurumun iclasında "Müsavat" Partiyasının namizədləri, Ümid Partiyasının sədri İqbal Ağazadə, eləcə də müğənni Elza Seyidcahanın müraciətlərinə baxıb.
MSK 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətini araşdırdı.
İqbal Ağazadə şikayətində namizəd olduğu dairənin 17, 18 və 26 saylı məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini istəyib.
Komissiya üzvü Akif Qurbanov söylədi ki, 3 məntəqədə nəticələr saxtalaşdırılıb, məntəqələr protokol tərtib etməyib, protokolların tərtibi prosesi DSK-də baş verib.
MSK müraciətə baxılması üçün ərizəni DSK-ya göndərdi.
Komissiya Müsavat Partiyasından deputatlığa namizədliyi qeydə alınan 18 nəfərin şikayətinə də baxdı. Onlar şikayətlərində oktyabrın 29-dan deputatlığa namizədliklərinin geri götürülməsilə bağlı ərizələrinə baxmaqdan imtina edilməsinə etiraz ediblər. Həmçinin adlarının seçki bülletenindən çıxarılmamasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndiriblər.
Müsavatçılar hesab edir ki, onların istəməyərkdən seçkidə iştirakı təmin edilib və onlara hesablanan səslər liderdən sonrakı namizədə hesablana bilərdi.
Partiya sədrinin müavini Gülağa Aslanlı vurğuladı ki, Konistitusiya görə, onun seçkidən imtina etməsi məhdudlaşdırıla bilməz.
MSK şikayəti əsassız saydı. Bildirildi ki, Müsavat Partiyasının namizədləri noyabrın 1-də keçirilən parlament seçkilərində ilkin nəticələrə görə hazırda lider olan namizədlərdən az səs toplayıblar. Ona görə də Müsavatın deputatlığa namizədlərinin adlarının seçki bülletenində qalmasını seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirmək əsassız iddiadır.
MSK sədri Məzahir Pənahov bildirdi ki, partiya tərəfindən irəli sürülən namizədləri, namizədliyinin geri götürülməsinin Seçki Məcəlləsinin tələbinə görə, səsverməyə ən azı on gün qalmış onun namizədliyini irəli sürən siyasi partiya müraciət etməlidir.
Şikayət təmin edilmədi.
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyini irəli sürən Vidadi İsgəndərli də seçki dairələrində səsvermənin nəticələrinin ləğv olunmasını xahiş edib.
MSK bu şikayəti rədd etdi.
Hüquqşünas ailəsilə birgə vətəndaşlıqdan imtina edəcəyi ilə bağlı bəyanat səsləndirərək zalı tərk etdi.
Bugünkü iclasda həmçinin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olan əməkdar artist Elza Seyidcahanın namizədliyini müdafiə edən iki seçicinin şikayətinə baxıldı. Ərizədə seçki dairəsinin nəticəsinin ləğvi istənilirdi.
MSK sədrinin müavini Natiq Məmmədov dedi ki, Elza Seyidcahan şikayəti öz adından deyil, ona səs verən seçicilərin adından MSK-ya ünvanlayıb.
Ekspert Qrupunun araşdırması nəticəsində isə məlum olub ki, müraciətdə seçki dairəsinin nəticəsinin ləğv olunmasına dair konkret faktlar mövcud deyil.
MSK Elza Seyidcahanın şikayətini təmin etmədi.
Xatırladaq ki, YAP üzvü olan xanım müğənni partiyanın siyahısından kənar namizədliyini vermişdi. Buna görə Seyidcahanın partiya tərəfindən cəzalandırılacağı gözlənilir.