Aptek çox, əczaçı yox... Ölkədəki apteklərin və əczaçıların sayı

sehiyye
3-11-2015, 12:05 1468
Aptek çox, əczaçı yox... Ölkədəki apteklərin və əczaçıların sayı Sizdə “Askartin”, “Norvakor” var?
- Yox.
- Bunların əvəzinə nə verə bilərsiniz?
- Həkiminizlə məsləhətləşin, əvəzləyicisini desin, onu verək.
- Siz bilmirsiniz nə olar əvəzləyicisi?
- Yox, mən həkim deyiləm ki...
... Bundan sonra əczaçılar alıcılara bu cür cavab verə bilməyəcək. Çünki həkimlər resept yazanda, dərmanın adını deyil, təsiredici maddəni yazacaqlar. Aptek işçisi həmin təsiredicinin hansı dərmanların tərkibində olduğunu bilməlidir. Axı tərkibində eyni təsiredici maddə olan onlarla dərman var...
Düzdür, qərar hələ qəbul edilməyib. Lakin apteklərdə apardığımız müşahidələr göstərir ki, hazırkı durumda işçilərin əksəriyyəti dərmanların tərkibindən xəbərsizdirlər. Ekspertlər hesab edir ki, aptek işçilərinin əksəriyyətinin dərmanlardan xəbərsiz olmalarının əsas səbəblərindən biri onların əczaçı deyil, digər ixtisas sahibləri olmalarıdır.
Ölkədə nə qədər əczaçı var?
Bu məqamda ağıla gələn məqam ölkədəki əczaçıların sayıdır. Yəni, onların sayı bu qədərmi azdır ki, apteklərdə qeyri-ixtisas sahibləri işləyir?
Kiçik araşdırmamız zamanı bəlli oldu ki, ölkədə ali təhsilli əczaçılar Azərbaycan Tibb Universiteti, natamam ali təhsillilər isə 1 saylı Bakı Tibb Kolleci, 2 saylı Bakı Tibb Kolleci, Naxçıvan Tibb Kolleci, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran tibb kolleclərində hazırlanır.
Bu il ATU-nu bitirən 1056 məzundan 53 nəfəri əczaçı-bakalavr, 8 nəfəri əczaçı-magistrdır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsaslansaq, son 14 il ərzində ali təhsil müəssisələrini 753, orta ixtisas təhsili müəssisələrini 1947 əczaçı bitirib.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, tibb kadrlarının vahid reyestri üzrə respublikada 606 ali təhsilli əczaçı var - onlardan 540 nəfəri hazırda işləyən, 66 nəfəri işsizdir. 315 orta tibb təhsilli əczaçı var ki, onlardan 245 nəfəri hazırda işləyən, 70 nəfəri işsizdir. 2011-15-ci illərdə keçirilən həkimlərin sertifikasiya imtahanında 261 nəfər ali təhsilli, 69 orta təhsilli əczaçı sertifikasiya şəhadətnaməsi alıb.
Ölkədə apteklərin sayı barədə dəqiq rəqəm əldə edə bilməsək də, Səhiyyə Nazirliyinin 2011-ci il açıqlamasına görə, ölkədə 772 aptek fəaliyyət göstərib. Əslində, apteklərin sayını müəyyən etmək üçün baş sındırmağa ehtiyac da yoxdur. Addımbaşı aptekə rast gəlindiyini və hər aptekdə də azı 2-3 nəfərin işlədiyini nəzərə alsaq, onların sayı ilə nazirliyin reyestrində olan əczaçılar arasındakı fərqi görə bilərik.
Bütün dərmanların adını yadda saxlamaq olmur...
2 saylı Bakı Tibb Kollecinin istehsalat təcrübəsi rəhbəri Kəmalə Bilalova deyir ki, Bakı Şəhər Apteklər idarəsi ləğv olunana qədər tələbələrin təcrübə keçməsi daha rahat idi. İndi isə vəziyyət çətinləşib: “Bu ilin aprel ayında bu idarə ləğv edildi. Həmin qurum dövlət tabeliyində olduğundan təcrübəyə göndərilən tələbədən imtina edə bilmirdilər. İndi isə apteklər hamısı özəl olduğundan təcrübədən əvvəl onlarla danışıqlar aparırıq. Razılıq əldə olunsa, hər aptekə 2-3 tələbə göndərilir. Bir çox tələbələrin tanışlarının aptekləri olur, ya da bizim müəllimlər tanıdığı aptek sahiblərindən xahiş edirlər. Az da olsa təcrübədən sonra məzunlarımız işlə təmin olunur”.
Məzun olan əczaçıların işdən nə qədər xəbərdar olmasına gəldikdə, K.Bilalova bunun təcrübə prosesindən asılı olduğunu deyir: “Düzdür, indi aptekdə dərman hazırlanmır. Digər işləri isə iş prosesində öyrənə bilirlər. Təcrübə zamanı öyrənmək daha çox tələbənin mübarizliyindən asılıdır. Çünki aptek işçiləri çox zaman təcrübəyə gələnlərə qısqanclıqla yanaşır. Özəl qurumlar olduğundan onların nazını çəkirik. Bəzi apteklərdə tələbələri iş prosesinə cəlb etmək istəmirlər. Həm də bu gün ölkəyə idxal olunan dərmanların sayı çoxdur. Hamısını yadda saxlamaq olmur. Yəqin ki, tələbələrimiz iş prosesində öyrənib, problemlə qarşılaşmayacaq”.
2011-ci ildən təyinat ləğv edilib...
Kollecin tədris hissəsi üzrə mütəxəssisi Xanım Məmmədova bu il əczaçı ixtisasına 55 nəfərin qəbul olduğunu və ixtisasa maraqdan asılı olaraq bu sayın ildən-ilə dəyişdiyini deyir.
Onun sözlərinə görə, qəbul olanların heç də hamısı məzun olmur. Tələbələrdən xaric olunan, oğlanlar arasında əsgər gedənlər olur.
Tələbələrin işlə təminatına gəldikdə, X.Məmmədova 2011-ci ildən təyinatın ləğv edildiyini bildirdi: “Artıq tələbələr özləri müraciət edib işə qəbul olunurlar. Dövlət müəssisələrində bizim tələbələrə ehtiyac olarsa, bizə müraciət edirlər. Biz də tələbələri həmin müəssisələrdə işləmək üçün göndəririk. Tələbə ilə işverən arasında razılığın əldə olmasına qarışa bilmərik. Biz yalnız təhsil veririk, məzun olandan sonra işləməsi bizlik deyil”.
Apteklərdə başqa ixtisas sahiblərinin işləməsi məsələsinə də toxunan X.Məmmədova bununla razılaşmır: “2011-ci ilə qədər belə hal ola bilərdi. Lakin artıq bütün məzunların reyestr kodu olur. İşə də həmin kodla qəbul olunurlar. Hansı ixtisasla sertifikasiyadan keçirlərsə, o ixtisas üzrə də işləməlidirlər”.
Lakin məzun və registrdə olan aptek işçilərinin sayı arasında uyğunsuzluq apteklərdə qeyri-ixtisas sahiblərinin işlədiyini göstərmiş olur.
Bəs yeni qərarın qəbulu dərman bazarında hansı vəziyyəti yaradacaq?
Həm pulu gedir, həm də canı...
Tibbi ekspert Adil Qeybulla deyir ki, bu gün aptek işçilərinin səviyyəsi qaneedici hesab edilmir, farmakologiya ölkədə heç də yaxşı vəziyyətdə deyil: “Normal halda aptekdə mütləq bir ali təhsilli, digərləri isə orta ixtisas təhsilli əczaçı olmalıdır. Təhsilli kadrlar dərman vasitələrinin saxlanma, onlarla davranış qaydalarını bilməlidirlər. Ancaq bəzən aptek işçiləri soyuducuda saxlanmalı olan dərmanı açıqda saxlayırlar. Bəzi fermentativ aktiv dərmanlar var ki, onlar soyuqda saxlanmayanda inaktivasiya olur. Belə dərmanı xəstəyə verməklə onu aldadırlar. Onların qiyməti də baha olur. Xəstənin həm pulu gedir, həm də müalicənin heç bir faydası olmur. Keyfiyyəti itmiş dərmanın xəstəyə verilməsi onun vəziyyətinin ağırlaşmasına da səbəb ola bilər. Dərmanın saxlanmasından xəbərsiz olan işçi tərkibini necə biləcək?”.
Ekspert hesab edir ki, bu gün əczaçıların dərmanlardan xəbərsiz olmalarının bir səbəbi də bu fakültələrin məzunlarının praktik vərdişlərinin az olması ilə əlaqədardır: “Onlar dərsə gedib-gəlməklə illəri başa vururlar. Halbuki, həmin tələbələr dərman istehsalı müəssisələrində olmalı, dərmanların dövriyyəsi ilə tam, müalicə məsələləri ilə bağlı minimal bilgiyə sahib olmalıdırlar. Təəssüflər olsun ki, bunun olmaması təhsil sahəsindəki problemlə bağlıdır. Bundan başqa, bu fakültələri bitirənlərin əksəriyyəti qızlardır. Onların da bir qismi ali təhsili alandan sonra ailə qurur, evdə otururlar. Digər qismi də başqa işlərlə məşğul olurlar. Yeni qərar tətbiq ediləndən sonra vəziyyətin necə olacağını isə deyə bilmirəm”.
Aptek işçilərinin biliklərinin yoxlanması üçün imtahandan keçirilməsinə gəlincə, A.Qeybulla bunu doğru addım hesab etmir: “Ali təhsil müəssisəsi diplom verirsə, demək, dövlət bunun arxasında dayanıb. Diplom almış birinin təkrar imtahan edilməsi həmin diploma inamın olmadığını göstərir. Dünya təcrübəsində həkim bir dəfə dövlət imtahanı verib 5-10 il müddətində işləmək üçün sertifikat alır. Həmin müddət bitəndən sonra onun fəaliyyəti araşdırılır və təkrar sertifikat verilir. Hesab edirəm ki, keçirilən imtahanlar formal xarakter daşımaqla yanaşı, neqativ hallara yol açır. Bu həm də diploma inamı aşağı salır”.
Kimə şikayət etməli?..
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov isə əczaçıların əksəriyyətinin dərmanların tərkibindən xəbərsiz olmasına görə xəstələrə normal xidmət göstərə bilməmələrinin onların savadsızlığından irəli gəldiyini deyir. O, Səhiyyə Nazirliyi tərəfindən belə əczaçılara qarşı tədbirlərin görüldüyünü vurğulayıb: “Əczaçı işlədiyi aptekdə hər hansı təsiredici maddəyə malik nə qədər dərmanın olmasını bilməlidir. Əgər hər hansı əczaçı tərkib barədə məlumatsızdırsa və alıcıya eyni tərkibli dərman verə bilmirsə, bu, onun savadsızlığından irəli gəlir. Həmin şəxslər əczaçı kimi fəaliyyət göstərməməlidir. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən tibb işçiləri ilə yanaşı, əczaçılar da sertifikasiyadan keçirlər.
Sertifikasiyadan keçməyənlər təkmilləşmə kurslarına cəlb olunurlar. Bu dəfə də imtahandan keçmədikdə, onların əczaçı kimi fəaliyyət göstərməsinə icazə verilmir. Bundan başqa, əczaçı da öz üzərində daim çalışmalıdır. Əczaçı alıcıya kömək etmədiyi halda, nazirliyin “Qaynar xətt”inə müraciət oluna bilər. “Qaynar xətt”in nömrələri bütün apteklərin üzərində vurulub. Vətəndaşlar aptek rəhbərinə də bu barədə şikayət edə bilərlər”.