Azərbaycanda vərəm xəstəliyindən ölüm-Statistikası

sehiyye
30-10-2015, 13:44 1299
Azərbaycanda vərəm xəstəliyindən ölüm-Statistikası "Azərbaycanda vərəm xəstəliyindən ölüm səviyyəsi stabil olaraq qalır. 2009-cu ildə ölkəmizdə bu göstərici hər 100 min nəfərə 4,3 olubsa, 2013-2014-cü illərdə azalaraq 3,9-a düşüb”.
Bu sözləri Movqe.az-a açıqlamasında Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov deyib. E. Məmmədbəyov bildirib ki, vərəm xəstəliyindən ölüm halları qonşu ölkələrlə müqayisədə Azərbaycanda stabildir: " 2012-ci ildə vərəm xəstəliyindən ölüm səviyyəsi hər 100 min nəfərə Belarusda 6, Gürcüstanda 4,5, Qazaxıstanda 9,5, Moldovoda 18, Rusiya və Ukraynada 13 olub”.
E. Məmmədbəyovun sözlərinə görə, Azərbaycanda vərəmli xəstələrin sayı 100 min əhaliyə 4,2 təşkil edir. E. Məmmədbəyov qonşu ölkələrdən Gürcüstanda 72,2, Moldovoda 103, Rusiyada 63,2 olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan vərəm xəstlərinin sayı 9 min 757 nəfərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə bu rəqəm 11 456 olub. Ötən il ilk dəfə qoyulmuş diaqnozla qeydiyyata düşən vərəm xəstələrinin sayı 4384 nəfər təşkil edib. Onlardan 3555 nəfəri ağciyər vərəmindən əziyyət çəkir. Qeydə alınan 4384 vərəm xəstəsindən 3164 nəfəri kişi, 1220 nəfəri qadındır. 2007-ci ildə ilk dəfə qeydə alınan 3713 nəfər xəstənin 2823 nəfəri kişi olub.
Yaşı 13-dən az olan uşaqlar arasında ötən il ilk dəfə qeydə alınan 147 vərəm xəstəsindən 95-i oğlan, 52-si qızdır. Vərəmə ən çox tutulma halları 18-29 yaşlı insanlar arasında qeydə alınıb. 2014-cü ildə bu yaş qrupunda olan insanlardan 1570 nəfərində vərəm aşkarlanıb. Onlardan 1143 nəfəri kişi, 336-sı qadındır.
Dünya Səhiyyə Təşkilatının (DST) hesabat məruzəsində isə dünyada vərəmlə bağlı vəziyyəti əks etdirən rəqəmlər açıqlanıb. Məlumata görə, dünyada vərəmə yoluxma nəticəsində ölüm halları 1990-cı ildən təxminən iki dəfə azalıb. Buna baxmayaraq, hələ də bu təhlükəli xəstəlik hər gün 4 min 400 nəfərin həyatına son qoyur. Məruzə müəllifləri qeyd ediblər ki, xəstəliklə mübarizədə ən nəzərəçarpan irəliləyiş 2000-ci ildən sonra müşahidə olunub. Belə ki, 2000-ci ildən 2015-ci ilədək olan dövrdə vərəmin müasir diaqnostikası və müalicəsi nəticəsində 43 milyon insanın həyatını xilas etmək mümkün olub. Amma uğurlara baxmayaraq, vərəm dünya səhiyyə sistemində hələ də ciddi təhlükə yaradır.