BAKI DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ X ULUSLARARASI BÖYÜK TÜRK DİLİ QURULTAYINDA

yazarlar
29-10-2015, 12:30 2036
BAKI  DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ   X  ULUSLARARASI BÖYÜK TÜRK DİLİ  QURULTAYINDA Dil xalqın mənəvi sərvəti, hər bir xalqın həmrəyliyinin sarsılmaz təməli, dövlətin baxımsızlığının başlıca rəmzlərindən biridir. Dil bütün tarix boyu milli məfkurənin,milli şüurun, milli dəyərlərin yaşamasının və inkişafının təminatçısıdır. Dil xalqın keçmişi, bugünü və gələcəyinin dəyişilməz yaşam ünvanıdır. Təsadüfi deyil ki, qədim Çin filosofu Konfiçiusa verilən «əgər siz vəzifə başına gəlsəydiniz, xalqın xeyrinə hansı işləri görərdiniz?» sualına o cavab verir ki, ilk öncə dildən başlayardım. Çünki dil yanlış olarsa, düşüncəni lazımınca anlada bilməz. Düşüncələr yanlış anlaşılarsa, ediləsi lazım olan işlər yerinə yetirilə bilməz. Ediləsi lazım olan işlər yaxşı yerinə yetirilə bilməzsə, vəzifələr də layiqincə yerinə yetirilə bilməz. Vəzifələr yaxşı yerinə yetirilməzsə, adətlər və mədəniyyətlər pozular. Adətlər və mədəniyyətlər pozularsa, ədalət yanlış yola düşər. Ədalət yanlış yola düşərsə, çaşqınlıq içərisinə düşən xalq nə edəcəyini, yolun hansı hissəsinə varacığını müəyyənləşdirə bilməz. Bax buna görə də hec bir şey dil qədər əhəmiyyətli deyil. O, «yalnız bundan sonra ac qarınları doydurar, çılpaq bədənlərı geyindirərdim» ― deyir. Yəni iqtisadiyyatı inkişaf etdirərdim. Deməli, həqiqətən də, həyatda heç nə dilüstü mahiyyət daşımır. Əhəmiyyəti ölçüyəgəlməz olan dili yaşadanlar isə xalqdır və xalqın böyük söz ustadlarıdır. Türk dilinin tarixi və müasir mənzərəsinin öyrənilməsində və üzə çıxarılmasında isə dilin keşiyində dayanan, onu müxtəlif yöndən tədqiqata cəlb edərək elm aləmində yeni söz deməyi bacaran dilçilərdir. Amma bu sahədə konfranslar, simpoziumlar, daha böyük mənada Dil Qurultaylarının rolu da ölçüyəgəlməzdir. Yada salaq ki, bu məsələdə ilk addımı atan 1932-ci il, sentyabr ayının 26-da keçirilən Türk Dili Qurultayı olur. Başda Mustafa Kamal Atatürk olmaqla, Türkiyə dövlətinin bütün rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həyata keçirilən bu möhtəşəm dil bizə də tanış olan bir çox görkəmli şəxsiyyətlər ― yazıçılar, şairlər, eləcə də mətbuat işçiləri bu qurultayda öz yerini alır. Sami Paşazadə Sezai, Rəşat Nuri Güntəkin, Fuad Köprülü ... də bu işrirakcılar sırasında idi. Bu nümayəndələrin, demək olar ki, əksəriyyəti sadəcə iştirakçı olmayıb türk dili ilə bağlı müxtəlif mövzuları əhatə edən məruzələri ilə bu qurultaya rəng qatır. Səksən iki il bundan öncə keçirilən bu qurultay türk dilinin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsində, əhatə dairəsinin genişləndirilməsində, fonetik, leksik və qrammatik sisteminin sabitləşdirilməsində, bir sözlə, türk dilinin ümumi mənzərəsinin açılmasında ilk rüşeym olaraq tarixə çevrildi. BAKI  DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ   X  ULUSLARARASI BÖYÜK TÜRK DİLİ  QURULTAYINDA Bu tarixdən bizi uzun bir zaman kəsiyi ayırsa da, ənənəyə söykəniş bu böyük dil hadisəsinin davamını XXI əsrə də apardı. Artıq neçə illərdir ki, ildə bir kərə olmaqla, «Uluslararası Böyük Türk Dili Qurultayı» adı altında bu bayramlar yenidən yaşanır. Yada salaq ki, bu qurultayların yenidən keçirilməsi ilə əlaqədar olaraq ilk addımı Bilkənt Universitetinin qurucusu professor İhsan Doğramacı atır. Məhz onun təklifi ilə Dil Qurultayları hər il davamlı şəkildə həyata keçirilməyə başlayır. Bu qurultayların da əsas məqsədi türk dilinin yad elementlərdən təmizlənməsinə, türk dilinin milli qrammatik quruluşunun qorunub saxlanmasına, türk dil sisteminin sabitliyinin mühafizə edilməsinə, türklərin və bütün türkcələrin birliyinin təmin edilməsinə xidmət edir. Deməli, amal bir olduğu üçün və o, eyni inkişaf istiqamətini tutduğu üçün qurultayın keçirilmə məskənləri ilbəil dəyişilsə də, məqsəd dəyişilməz olaraq qalır. Hər dəfə bir məkanın seçilməsi də türk dilinin dünya arenasındakı əhatə dairəsini genişləndirmək, onu dünya evinə salmaq və orada möhkəmlətmək məqsədi güdür. Razılaşaq ki, bir vaxtlar dar nəfəsliklərdən dünyaya girməyə başlayan türk dilinin qarşısında bu gün dünyanın bütün qapıları taybatay açılıb. Bu missiyanın reallığa çevrilməsində isə, təbii ki, «Uluslararası Böyük Türk Dili Qurultayları»nın xidməti əvəzsidir. İştirakçısı olduğumuz 2015-ci il sentyabr ayının 28-də keçirilən X Uluslararası Böyük Türk Dili Qurultayı»nın keçirilməsi üçün növbəti ölkə dünyanın Avropa arealının bir parçası sayılan Bosniya-Hersoqovina seçilmişdi. Məkanın bu ölkənin paytaxtı seçilməsi isə təsadüfi deyildi. Böyük bir türkoloji mərkəzin yer aldığı və həmişə keçirdiyi tədbirləri ilə müdam uğurlu fəaliyyətə imza atan bu ölkə elə məhz bu səbəbdən qurultayın keçirilmə məkanını reallığa çevirmişdi. Türkiyənin Bilkənt Universiteti Bölgə Ölkələri Kurs Proqramları direktoru Rasim Özyürəyin birbaşa rəhbərliyi sayəsində 2015-ci il sentyabr ayının 28-də Bosniya-Hersoqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən «X Uluslararası Böyük Türk Dili Qurultayı» bu sahədə özünün növbəti rolunu oynadı. BAKI  DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ   X  ULUSLARARASI BÖYÜK TÜRK DİLİ  QURULTAYINDA Təntənəli açılış Sarayevo Universitetinin Türk dili bölümünün rəhbəri Kərimə Filan tərəfindən aparılırdı. Qurultayın təşkilat komitəsinin rəhbəri professor Rasim Özyürək dünyanın müxtəlif yerindən bu təntənəli mərasimə qatılanları salamladıqdan sonra Sarayevo Universitetinin rektoru professor Muharem Avdisapiç , Türkiyənin Bosniya –Hersoqovinadakı səfiri Cihad Erginay, Türkiyə-Azərbaycan Dostluq və İşbirliyi Vəqfinin rəhbıri Ənvər Həsənoğlu, Yunus Əmrə İnstitutunun rəhbəri Həyati Dəvəli, Sarayevodakı Yunus Əmrə İnstitutunun müdiri Akif Yaman çıxış etdilər. Qurultay əvvəlcədən müəyyənləşdirilmiş proqrama əsasən 7 bölmədə işinə davam etdi. Onu da qeyd edək ki, keçirilən qurultayın adındakı «türk dili» yalnız «Türkiyə türkcəsi» anlamında qəbul edilmir. Bu, geniş mənada bütün türk dillərinin cəmləşdirilmiş mənasının ifadəçisi rolunu oynayır. Hər dəfə olduğu kimi dünyanın müxtəlif ölkələrindən bu qurultaya təşrif buyuran nümayəndələrin iştirakı bunun bir daha sübutu idi. Ayrılmış bölmələrdə səhər və günorta iclaslarında edilən məruzələrin mövzü rəngarəngliyi də bunu təsdiq edirdi. Qurultay iştirakçılarının tərkibinə Azərbaycan nümayəndə heyəti də daxil idi. Nümayəndə heyəti 10 nəfərdən ibarət idi.
Füzuli adına Əlyazmaları İnstitutundan professor Məhsün Nağısoylu, AMEA-dan professor Roza Eyvazova, Naxçıvan Muxtar Respublikasından filologiya elmləri doktoru Adil Bağırov, Bakı Slavyan Universitetindən dos. Xatirə Abdullayeva, dos. Ziyafət Qasımova, Azərbaycan Dövlət Tibb Universitetindən dos. Dürdanə Rəhimzadə, Azərbaycan Pedaqoji Universitetindən Aynur Qafarlı.... da iştirak edirdi. Bakı Dövlət Universiteti 3 nəfərlə təmsil olunurdu: Professor Zemfira Şahbazova, Dos. Qızılgül Abdullayeva, və Pərvin Eyvazıv. Professor Zemfira Şahbazovanın «İşaret zamirləri ve Onların Yapımı», türkologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gızılgül Abdullayevanın Türkcede Kemiyyetin Eski Variant Paralelliyi (Eski türk dili – 17. y.y.) və Türkologiya kafedrasının nəzdində fəaliyyət göstərən Türkoloji Araşdırmalar mərkəzinin doktorantı Pərvin Eyvazovun «Bekir Çobanzadenin Dilçilik Araştırmalarında Edebi Dil Meseleleri» adlı məruzələri xüsusi maraqla qarşılandı. Əvvəcədən proqramda bölmələrdən birinin başqanlığı da Azərbaycan nümayəndlərindən biri olaraq mənə tapşırılmışdı. Bu missiyanı da uğurla yerinə yetirdim. BAKI  DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ   X  ULUSLARARASI BÖYÜK TÜRK DİLİ  QURULTAYINDA
Qürur hissi doğuran isə Azərbaycan alimlərinin Bosniya-Hersoqovinadakı Azərbaycan nümayəndiliyinə dəvət olunması idi. Azərbaycanın orada dalğalanan bayrağı, gerbi ürəyimizi fərəh hissi ilə doldurdu. Azərbaycan nümayəndiliyinin sədr müavini İsmayıl Cəfərov ilk öncə Bosniya Hersoqovina haqqında məlumat verdi və daha sonra Azərbaycan adına həyata keçirdikləri, eləcə də gələcək naminə görəcəklərləri işlərdən bəhs etdi. Sonda Azərbaycanda keçirilən ilk Avropa oyunlarında birlik rəmzi olaraq seçilən «nar» və eləcə də milli musiqiçilərimiz və milli musiqi alətlərimiz olan çərçivə hədiyyə olaraq Azərbaycan nümayəndəliyinə bağışlandı.
Nəhayət, qurultayın bölmə iclaslarının yekunundan sonra məşvərət məclisində XI Uluslararası Böyük Türk Dili Qurultayının Azərbaycanda keçirilməsi təklif olaraq verildi. Hörmətli prezidentimiz cənab İlham Əliyevin qurub yaratdığı Yeni Azərbaycanda baş tutan və uğurları ilə Avropaya meydan oxuyan Birinci Avropa Oyunlarından sonra növbəti qurultayın doğma ölkəmizdə keçirilməsi təklif xarakterli olsa da, bu təklifin qurultay iştirakçılkarının yekdil alqışları ilə qəbulu da bizə qürur hissi yaşatdı.
Türkiyənin Bosniya-Hersoqovinadakı səfiri Cihad Erginay və onun xanımının qurultay iştirakçılarının şərəfinə verdiyi ziyafət də Azərbaycan adına çox maraqlı keçdi. Səfirlə Azərbaycan nümayəndələrinin görüşü, Azərbaycan haqqında isti söhbəti də maraqlı keçdi və sonda xatirə şəkilləri çəkdirildi.
Qurultayın sonuncu günü tarixi yerlərə istiqamətlənən gəzintini də maraqla qarşıladıq.
BAKI  DÖVLƏT UNİVERSİTETİNİN ALİMLƏRİ   X  ULUSLARARASI BÖYÜK TÜRK DİLİ  QURULTAYINDA «XI Uluslararası Böyük Türk Dili Qurultayı»ndan çox şeylər gözləyirik. Bu şərəfli missiyanın davamlı şəkildə həyata keçirilməsinə qarşılıqsız böyük əmək sərf edən Bilkət Universitetinin başçısı professor Əli Doğramacıya, rektor Abdullah Atalara və ən önəmlisi Türkiyənin Bilkənt Universiteti Bölgə Ölkələri Kurs Proqramları direktoru professor Rasim Özyürəyə türk dilinin keşiyində dayanaraq türk dilinin inkişafı naminə milli qeyrət nümayiş etdirdiklərinə görə öz minnətdarlığımızı bildirir və uğurların davamını gözləyirik. Unutmayaq ki, Mustafa Kamal Atatürk demişkən «bir ulusun dili bütün bilim kavramlarını oluşturacaq şekildə gelişmemişsə, o ulusun bilim ve kültür alanında bir varlık göstermesi beklenemez. Milli bilinçin ayakta kala bilmesi ve uyanık bulunması için dil ve tarih uğrunda çalışmaya mecburuz». Ulu öndər Heydər Əliyevin örnək olaraq dedikləri də bu fikrə dayaqdır: «Dil böyük bir aləmdir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur».
Son olaraq bizə bu şəraiti yaratdığına görə, Azərbaycanı, doğma universitetimizi Avropa ölkələrində təmsil etməyimizə imkan yaratdığına görə Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmova öz dərin minnətdarlığımı bildirirəm.
QIZILGÜL AĞƏLİ QIZI ABDULLAYEVA
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
filologiya üzrə fəlsəfə doktoru, dosent