Kəlbəcər girovlarından acı xəbər

sosial
28-10-2015, 11:15 1071
Kəlbəcər girovlarından acı xəbər Keçən il iyulun 14-də ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər var.
Qohumlarının ans press-ə verdiyi məlumata görə, azərbaycanlı girovlar xəstələniblər.
Onların bildirdiyinə görə, xəstə olan Dilqəm və Şahbaza erməni tərəfi diqqət göstərmir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı nümayəndələri sonuncu dəfə üç ay bundan əvvəl azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkib, onların saxlanma şəraiti ilə tanış olub. Bu barədə BQXK-nin Dağlıq Qarabağdakı missiyasının nümayəndəsi Eteri Musaelyan erməni mətbuatına xəbər verib.
“Baş çəkmə zamanı onlara ailə haqda məlumat mübadiləsi imkanı verilib. BQXK missiyasına uyğun olaraq biz həbsdə olanlara qarşı münasibət və onların saxlanma şəraitini monitorinq etmək və həmçinin onların ailələri ilə əlaqə saxlamasını təmin etmək məqsədilə onlara daim baş çəkəcəyik”, - deyə Musaelyan bildirib.
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün getmişdilər. Lakin onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və Şahbaz yaxalansa da, Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib.