Azərbaycanda müəllimlər imtahan olunacaq

tehsil
23-10-2015, 10:37 1184
Azərbaycanda müəllimlər imtahan olunacaq İmtahanların keçiriləcəyi vaxtlar da bəlli olub.
Azərbaycanda müəllimlərin bilik və bacarıqları diaqnostik qiymətləndiriləcək. Artıq bu imtahanın vaxtı bəlli olub, şərtlər də məlumdur.
Təhsil Nazirliyi Azərbaycanın 12 rayon və şəhərində keçiriləcək müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə hansı kateqoriyadan olan müəllimlərin cəlb olunacağını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, növbəti diaqnostik qiymətləndirilmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar.
İmtahanların keçiriləcəyi vaxtlar da bəlli olub.
Təhsil Nazirliyinin açıqlamasına görə ilk imtahan 28-30 noyabr tarixlərində Masallı Olimpiya İdman Kompleksində, Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.
Bundan sonra uyğun olaraq 4-7 dekabrda Sabirabad Olimpiya İdman Kompleksində - İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul müəllimləri.
11-12 dekabrda Xaçmaz Olimpiya İdman Kompleksində - Xaçmazdan olan müəllimlər.
16-20 dekabrda Sumqayıt Olimpiya İdman Kompleksində - Sumqayıt, Abşeron və Qubadlıdan olan müəllimlər.
Nəhayət 24-25 dekabrda Gəncə Olimpiya İdman Kompleksində - Gəncədən olan müəllimlər üçün imtahanlar təşkil olunacaq.
İmtahanlar zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər imtahandan müsbət nəticə əldə etmiş hesab olunur.