Ağcabədi, görüşünə gəlmişəm...

sosial
22-10-2015, 10:24 984
Ağcabədi, görüşünə gəlmişəm... "... İqtisadi müstəqillik bizim üçün böyük imkanlar açır. Biz iqtisadi müstəqilliyimizi düşünülmüş siyasətlə, aparılan islahatlarla, investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə təmin etmişik".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Öncədən də vurğuladığımız kimi böyüyən nəsil, yəni gələcəyimiz olan bugünkü yeniyetmələr, gənclər həmişə Ulu Öndərimizin xüsusi diqqət yetirdiyi bir zümrə olubdu. Məhz həmin o siyasətin davamı olaraq bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev də bütün tədbir və görüşlərində gənclərə daha böyük imkanların açılmasını, daha böyük şəraitlərin yaradılmasını xüsusit vurğulayır. Elə bu etimad və tələbin qarşılığı olaraq indi icra strukturlarında da, eləcə də digər aidiyyəti qurumlarda da müəyyən bir gəncləşmə prosesi gedir. Yəni gənclərə daha çox etimad göstərilərək irəli, daha mühüm postlara təyin olunurlar.
Dediyimiz bu məsələ Ağcabədidə də uğurla, həm də diqqətlə həyata keçirilir. Söhbət o gənclərdən gedir ki, onların təsiri ilə yanaşı, əzmkarlığı, istedadı, bacarığı və xalqa, dövlətə bağlılığı hər bir addımında hiss olunur. Məhz bu cür perspektivli gənclərə də Ağcabədidə rayon icra hakimiyyətinin başçısı və onun komandası işgüzar şərait yaradır. Əgər şərait varsa, deməli, istedadlar da mütləq üzə çıxmalıdı. Məhz bu mənada Ağcabədidə təhsilin vəziyyətini araşdırmaq istsək, onda məlum olar ki, Ağcabədinin pedaqoji kollektivləri savadlı gənclər yetişdirmək üçün öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Özü də təkcə sırf elmi biliklər yox, həm də folklor, adət-ənənə, dünya bilgisi bu işdə önəmli yerləri tutur. Təkcə rayonda keçirilən bilik yarışmalarının, həmçinin respublika əhəmiyyətli müsabiqələri nəzərdə keçirsək, onda görərik ki, Ağcabədi məktəbliləri həmişə etimadı doğruldublar. Onların Ulu Öndərin adı ilə bağlı yazı müsabiqələrində fəal iştirakı, Milli qəhərmanlarla, Qarabğla bağlı Xocalı ilə əlaqəli tədbirlərdə fəal iştirakları bunu deməyə əsas verir. Məhz həmin yarışmalarda Ağcabədi məktəbliləri də öz sözlərini deyə biliblər. Ümumiyyətlə, rayonun məktəbliləri ali məktəbələrə qəbulda da diqqəti çəkən nailiyyətlər əldə ediblər. Onların arasında topladıqları yüksək bala görə Prezident təqaüdünə layiq görülənlər də var.
Ağcabədidə məktəblərarası yarışların təşkili, əlamətdar günlərlə bağlı keçirilən bilik müsabiqəsi, idman yarışları "Cəsurlar" və "Şahin" hərbi idman oyunları üzrə müsabiqələr demək olar ki, hər bir məktəblinin ürəyincə olan, arzuladığı həm tədbirdi, həm də müəyyən mənada xoş bir əyləncədi. Məhz həmin yarışmalarda şagirdlərin bir-biri ilə təması, tanışlığı, dünya görüşünün inkişafı təbii axarla, yəni təbii bir proses kimi baş verir.
O ki qaldı Ağcabədidə səhiyyənin, mədəniyyətinin ümumi mənzərəsinə, bunu bir sözlə belə ifadə etmək olar:
- Bu rayonda insanların sağlamlığına, mədəni-kütləvi tədbirlərə hər kəs diqqətlə yanaşır, hər kəs könüllü qoşulur. Çünki həmin mədəni-kütləvi tədbirlər, konsertlər, rayonun tanınmış söz-sənət adamları ilə görüşlər, eləcə də sağlamlıqla bağlı rayonun tibb ocaqlarında aparılan yeniləşmələr hər kəsin ürəyincədir. Bu gün Ağcabədidə kifayət qədər peşəkar və pasiyentlərə diqqətlə yanaşan tibbi personal fəaliyyət göstərir. Səhiyyə məntəqələrindən tutmuş poliklinika və xəstəxanalara qədər hər birində bu sağlamlıq ocağına müraciət edənləri diqqətlə qarşılayıb müalicə etməyi bacaran həkim kontingenti artıq Ağcabədi sakinlərinin hörmət və ehtiramını qazanıbdı.
Ölkəmizin bütün regionları kimi Ağcabədidə də insanların elektrik enerjisinə, rabitəyə, suya olan tələbatına həssalıqla yanaşılır. Ümumiyyətlə, bu rayonda abadlığın əsas göstəricilərindən biri olan kanalizasiya sistemlərinin normal işləməsi demək olar ki, daimi nəzarətdədi. Elə ona görə də bəzi şəhər və qəsəbələrimizdən fərqli olaraq Ağcabədinin küçə və yollarında aşıb hər tərəfi basmış kanalizasiya sularına rast gəlmək mümkün deyil. Özü də bu işi elə məharətlə icra edirlər ki, hətta güclü yağışlarda belə böyük fəsadlar ortaya çıxmır. Deməli, həmin gerçəklikdən çıxış etsək, onda belə bir fikrə gəlmək olar ki, daimi nəzarət və diqqət problemin aradan qaldırılmasına və yaxud onun təkrarlanmasına bir növü həm imkan vermir, həm də vaxtında həmin o çətinliyi öz axarı ilə yox, peşəkar müdaxiləsi ilə ortadan qaldırır. Məhz bu fikrimizi Ağcabədi şəhərinin timsalında hər kəs görə bilər. Digər tərəfdən şəhərin və rayonun bütün ərazisinin elektrik enerjisi ilə vaxtlı-vaxtında təminatı, xüsusilə məktəblərin, uşaq bağçalarının, körpələr evlərinin, səhiyyə ocaqlarının daim qızdırılması, işıqlandırılması çox nümunəvi bir şəkildə təşkil olunub. Əgər hardasa ya qəza baş verir, ya səhlənkarlıq ortaya çıxırsa, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və onun komandası dərhal məsələyə müdaxilə edir və qısa bir vaxt ərzində problem öz həllini tapır. Bax, bunun özü də idarəçilik məharətinin bir canlı nümunəsidir. O ki, qaldı qaz və rabitə məsələlərinə, həmçinin əhalinin içməli su ilə təminatına, burda da vəziyyət ürəkaçandı. Şəhər başda olmaqla rayonunun kənd və qəsəbələrində yeni rabitə qurğularının, avadanlıqlarının istifadəyə verilməsi, əlavə və müasir avadanlıqların istismarına başlanması ağcabədililərə ən müasir rabitə üsullarından faydalanmaq imkanı veribdi. İstər post, istər telekommunikasiya işləri əhalinin tələblərini ödəmək gücündədi.
Bəli, bu gün Ağcabədidə işləmək də, yaşamaq da mənim təəssüratlarıma, mənim görüb və bildiklərimə, eşitdiklərimə görə çox xoşdu. Bu xoş ovqatı, bu işgüzar şəraiti öncə bütün respublikamız üçün, o cümlədən də ağcabədililər üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev yaradıb. Həmçinin Heydər Əliyev Fondunun digər bölgələr kimi Ağcabədiyə də dəstəyi dediklərimizi bir az da cilalayır, bir az da qüvvətləndirir. Bütün bunların bölgədə gerçəkləşməsi isə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun, onun komandasının və bütün ağcabədililərin xidmətidi.
Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ