Dəmirəlin əl uzatdığı şairin Əliyevlə son səfəri

yazarlar
21-10-2015, 15:11 1189
Dəmirəlin əl uzatdığı şairin Əliyevlə son səfəri Bu gün xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. 1932-ci ildə Salyan rayonunda anadan olan şairin “Kitab” adlı ilk şeiri 1948-ci ildə “Azərbaycan pioneri” jurnalında çıxıb. Vətənpərvər şeirlərin müəllifi olan Xəlil Rza Ulutürkün yaratdığı bədii nümunələr bu gün də dinlənilir, sevilir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil aldığı illərdə o, ədəbiyyatşünas alim Cəfər Xəndanın və xalq şairi Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi dərnəkdə, eləcə də Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı altında keçirilən “Gənclər günü” məşğələlərində iştirak edir. Xəlil Rza Ulutürk ana dilinin saflığı uğrunda mübarizə aparan aydınlardan olub. Elə bu səbəbə görə də onun pedaqoji fəaliyyətini məhdudlaşdırır, hətta bir müddət sonra universitetdən uzaqlaşdırırlar. Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı yazır: “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı minlərləydi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”. 1984-cü ildə Xəlil Rzanın “Ömürdən uzun gecələr” adlı kitabı Azərbaycan SSR Dövlət mükafatına təqdim olunur, ancaq bəzi dairələr tərəfindən etinasızlıqla qarşılanır. İki il sonra isə şair əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. X.R.Ulutürk 1980-ci illərdə xalq hərəkatında fəal iştirak etmiş, rus şovinizmini, erməni-daşnak qüvvələrini pafoslu çıxışları və şeirləri ilə pisləmişdi. 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra Qorbaçovun və əlaltılarının çirkin oyunlarını dünyaya çatdırmağa çalışan şairi həbs edirlər. “Lefortovo gündəliyi” də həbsdə olan zaman yazılır. Həbsxanada şəkər xəstəliyi tapan Xəlil Rza Moskvadan Bakıya gətirilir və bir aylıq məhkəmə prosesindən sonra azadlığa qovuşur. Süleyman Dəmirəlin tapşırığı ilə Cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər, lakin faydası olmur. 1991-ci il mayın 6-da Xəlil Rza “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə Azərbaycan Respublikasının xalq şairi fəxri adına layiq görülür. Şairin həyat yoldaşı Firəngiz xanım Xəlil Rza ilə mərhum prezident Heydər Əliyev arasında keçən telefon danışığını belə xatırlayır: “O vaxt Xəlil Rzaya millətçi damğası vurmaq istəyənlər, dissertasiyasının müdafiəsinə mane olanlar var idi. Bir dəfə telefon söhbətində Xəlil Rza Heydər Əliyevə bu barədə danışdı. Cavabında Heydər Əliyev ona dedi ki, sən millətçi şair deyilsən, sən xalqın şairisən. Heç kəs sənə mane ola bilməz. Xəlil bu söhbətdən sonra “elə bildim, arxamda bir dağ var”, – dedi”. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və həyat yoldaşı Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilir. Bu tarixi səfər Xəlil Rzanın son səfəri olur. Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də uzun müddət davam edən xəstəlikdən sonra vəfat edib.