Bakı Olimpiya Stadionuna direktor təyin olundu

sosial
21-10-2015, 12:10 1131
Bakı Olimpiya Stadionuna direktor təyin olundu AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev Bakı Olimpiya Stadionuna direktor təyin olunub.
Qarayev Cavid Azər oğlu 1977-ci il sentyabrın 14-də anadan olub.
Bakı Dövlət Universitetində sosiologiya və psixologiya ixtisasına yiyələnib.
Rusiyanın San-Marino Universitetində biznes və idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb.
American University in London-da (hazırda American Intercontinental University, London) biznesin idarə olunması üzrə bakalavr dərəcəsinə yiyələnib.
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.
MOST-BANK Azərbaycan (hazırda STANDARD-BANK) Kredit kartları üzrə baş mütəxəssis, Azərbaycan Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Borc Öhdəlikləri Bazarının tənzimlənməsi şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri, Azərbaycan (BTC) Limited Bakı-Tbilisi-Ceyhan boru kəmərində əsas maliyyə mütəxəssisi işləyib.
Həmçinin RAO Belrusneftegaz Neft və Qaz Servis və Tikinti üzrə Rusiya Şirkətinin Azərbaycan Nümayəndəliyinin baş direktoru vəzifələrində çalışıb.
2007-ci ilin noyabr ayından AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Marketinq rəhbəri olub. UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FIFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının (MASP) konsultantıdır.