Tənqid etdiyi millət vəkillərindən Siyavuş Novruzova

sosial
20-10-2015, 14:03 934
Tənqid etdiyi millət vəkillərindən Siyavuş Novruzova Fəzail Ağamalı: "Siyavuş Novruzovun dediklərinin mənə dəxli yoxdur"
Aqil Abbas: "Siyavuş Novruzovun dedikləri isə, onun şəxsi fikridir"
MTN-də baş verən proseslər hər kəsin diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı müxtəlif şəxslər fikirlərini media ilə bölüşüb. Bunlar arasında millət vəkilləri də var. Millət vəkili Siyavuş Novruzov isə deputat həmkarlarının MTN-də baş verənlərlə bağlı açıqlama verməsini pisləyib və onları hədəf alaraq bildirib ki, Milli Məclisin üzvlərindən bəziləri bu məsələyə qoşulub fikir bildirir. Prezident kimi vəzifəyə nə vaxt təyin edir, yaxud nə vaxt işdən azad edir, özü bilir. Ona görə də heç kim Prezidentin səlahiyyətlərinə qarışmasın. Kimsə mollalıq, münəccimlik etməsin".
Siyavuş Novruzovun fikirlərinə MTN məsələsi ilə bağlı açıqlama verən millət vəkilləri Fəzail Ağamalı və Aqil Abbas Ölkə.Az-a danışıb.
Fəzail Ağamalı: "Hər kəsin öz fikri var, mən də öz fikrimi bildirmişəm, Siyavuş Novruzov da öz fikrini söyləyib. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Necə ki, Siyavuş Novruzovun fikrinə hörmətlə yanaşıram. Burada mollalıqdan söhbət getmir, jurnalist sual verib, o suala da cavab verməliyik. Baş verən hadisələrin üstündən keçmək sadəcə olaraq mümkün deyil. MTN elə bir strukturdur ki, orada baş verən hadisəyə biganə münasibət bəsləmək siyasətçi, millət vəkili üçün, Azərbaycan vətəndaşı üçün çətindir. Siyavuş Novruzovun dediklərinin mənə dəxli yoxdur".
Aqil Abbas: "Siyavuş Novruzovun dediyi öz fikridir. Mənə verilən suala cavab vermişəm. Başqasının fikrinə hörmət etmək hər kəsin borcudur. Bununla bağlı da açıqlama vermək istəmirəm. MTN-də baş verənlərlə bağlı dünən sizin sayta danışmışam. Siyavuş Novruzovun dedikləri isə, onun şəxsi fikridir".
Qeyd edək ki, millət vəkilləri MTN-nin fəaliyyətini sərt şəkildə tənqid etmişdilər.