Merkel Ərdoğanla görüşündən razı qaldı

dunya
19-10-2015, 09:57 867
Merkel Ərdoğanla görüşündən razı qaldı Merkel Aİ məsələsində Almaniya olaraq Türkiyəni dəstəklədiklərini vurğulayıb.
Türkiyədə rəsmi səfərdə olan Almaniyanın kansleri Anqela Merkel bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. İstanbul şəhərindəki “Mabeyn” köşkündə baş tutan ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Paytaxt Ankarada oktyabrın 10-da baş vermiş terror hadisəsindən sonra zəng vurmaq nəzakəti göstərən Merkelə təkrar təşəkkür etdiyini bildirən Ərdoğan terrorla ortaq mübarizə planlarını müzakirə etdiklərini deyib. Ərdoğan görüş vaxtı əsas müzakirə mövzularından birinin də miqrant problemi olduğunu deyib.
“Əsas müzakirə mövzularından biri də miqrantların həm Türkiyədəki vəziyyəti, həm də Qərbə istiqamətlənmələri oldu. Bu məsələdə üzərimizə düşən yüklərin bölüşdürülməsini də dəyərləndirdik. Türkiyənin bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri ifadə edən xanım Merkel Avropanın Türkiyəyə yardımçı olmalı olduğunu dedi.” – deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti görüş zamanı terrorla yanaşı Avropa İttifaqının mərhələlərinin danışıldığını deyib:
“Terror təşkilatları ilə birgə mübarizə aparmanın labüd olduğunu vurğuladıq və Avropa İttifaqının (Aİ) mərhələləri barədə danışmaq imkanımız oldu. 15, 17, 23, 24 və 31-ci mərhələləri dəyərləndirdik. Mən xüsusilə Almaniyanın, Fransanın, İngiltərənin, İspaniyanın və bu cür ölkələrin bu istiqamətdə dəstək olmalarını xahiş etdim. Bu səfərin hər iki ölkə üçün xeyirlərə vəsilə olmağını təmənna edirəm.” – deyə Ərdoğan çıxışını bitirib.
Daha sonra çıxışı zamanı Ərdoğana təşəkkürünü bildirən Merkel bu səfərin çox faydalı olduğunu deyib:
“Mənə də danışmaq fürsəti verdiyiniz üçün təşəkkür edirəm. Səfərimin çox faydalı olduğunu ifadə etmək istəyirəm. Türkiyə ilə Aİ arasında keçirilən görüşlərlə yanaşı ölkələrimiz arasında baş tutan ikili münasibətlərin və görüşlərin də beləcə gücləndiyini, gücləndirildiyini düşünürəm. Təbii ki, burda, Almaniyada yaşayan 3 milyonluq türk əhalinin də payı var. Görüşümüz zamanı xüsusilə terrorla mübarizə, Suriyada problemin siyasi yolla həlli barədə danışdıq. Çünki bu məsələlər hər iki ölkəni maraqlandıran problemlərdir və bu istiqamətdə daha sonra da görüşlərin keçirilməsi üçün razılıq əldə olundu. Biz burada Suriyada vətəndaş müharibəsini və İraqdakı şərtləri müzakirə edərək, Türkiyənin bu günə qədər 2 milyon qaçqını qəbul edərək çiyinlərinə çox çətin bir yük götürdüyünü dərk etdiyimizi və bunu təqdir etdiyimizin bilinməsini istəyirik. İkili mənfəətlər çərçivəsində bu proseslərlə əlaqədar olaraq bir miqrant hərəkatı olduğunu, bunun daha da çoxala biləcəyini və Türkiyə üzərindən Aİ-na axcağını görmək mümkündür. Bu nöqtədə Türkiyənin yükünü azaltmaq üçün həkmən Türkiyəyə dəstək olmalıyıq.”
Görüş vaxtı bir çox məsələdə razılığa gəldiklərini deyən Merkel Aİ məsələsində Almaniya olaraq Türkiyəni dəstəklədiklərini vurğulayıb: “Bütün bu ortaq vəzifələrdən yola çıxaraq Türkiyə ilə Aİ-nin daha sıx və intensiv əməkdaşlıq etməsi mövzusunda razılıq əldə olundu. Həmçinin üzvlük barədə işlərin tezləşdirilməsi məsələsində də razılığa gəlindi. Eyni zamanda viza, “tax free” kimi məsələlərin sürətləndirilməsi mövzusunda həm Türkiyənin, həm də Aİ-nin razılığa gəldiyini deyə bilərik.”
Anqela Merkel cənab prezidentlə növbəti görüşlərinin Antalyada “G-20” sammitində olacağını deyib.