Mikayıl Cabbarov: Müəllimlərin maaşında əhəmiyyətli artım olacaq

tehsil
13-10-2015, 09:53 1100
Mikayıl Cabbarov: Müəllimlərin maaşında əhəmiyyətli artım olacaq “18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilmişdir”.
Bu il müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunmuşdur.
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, cari ilin 9 ayında Təhsil Nazirliyi tərəfindən 6 məktəb binası tikilib istifadəyə verilib, 2 kollec, 1 ali təhsil müəssisəsinin tədris korpusları əsaslı təmir edilib, 27 təhsil müəssisəsində isə əsaslı tikinti və təmir işləri davam etməkdədir:
“Təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. Bu iş iki istiqamətdə - birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır. Belə ki, cari ilin 9 ayının yekunu üzrə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilmiş, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilmişdir.
Lakin korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında daha səmərəli və effektiv üsul sistemli yanaşmanın tətbiqidir. Məsələn, Təhsil Nazirliyi tərəfindən müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdikləri diplomların elektron bazasının yaradılması və bu qəbildən olan digər tədbirlər həyata keçirilir.
2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanmışdır.
Bunlardan biri müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsidir. Diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır.
Cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır. Bu layihə Maliyyə Nazirliyi ilə sıx əlaqələndirilir. Beləliklə, bir il müddətində ölkə üzrə məktəb müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaqdır.
Bu il müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunmuşdur.
Son 3 ildə icbari təhsilin keyfiyyəti davamlı olaraq yaxşılaşır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 64 faizədək artmışdır. Bununla belə, 14 rayonda hələ də məzunların yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət almışdır. Bu bölgələrdə ciddi tədbirlərə və xüsusi proqramlara ehtiyac vardır.
Artıq paytaxtımız beynəlxalq bilik yarışlarına da ev sahibliyi edir. Bu il dünyanın 80 ölkəsindən 300 məktəblinin iştirak etdiyi 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakı şəhərində keçirilmişdir. 2019-cu ildə Bakı Beynəlxalq İnformatika Olimpiadasını qəbul edəcəkdir.
Cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaqdır. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaqdır”.