Cavid Hüseynovun şikayəti qəbul olunmadı

sosial
14-08-2015, 16:23 1054
Cavid Hüseynovun şikayəti qəbul olunmadı Bu gün Bakı Apellyasiya Məhkəməsində "Qəbələ" FK-nun eks-kapitanı futbolçu Cavid Hüseynovun şikayətinə baxılıb.
Cavid Hüseynovun vəkili Adəm Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə futbolçu barəsində seçilən həbs qəti-imkan tədbirinə verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Onun sözlərinə görə məhkəmə futbolçunun apelyasiya şikayətinə əsas görmür. Hazırda Cavid Hüseynov Səbail rayon polis idarəsinin müvəqqəti saxlanma təcridxanasındadır. Ona qarşı Cinayət Məcəlləsinin 307.1 və 307.2 maddələri ilə cinayət açılıb. Araşdırmalar
“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxs qismində 3 gün əvvəl həbs edilib.
Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 5 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən, dalağı dağıdılan, ağciyəri əzilən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Jurnalistin ölümündən sonra E.İsmayılov həbs olunub. AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayan Elşənin 21 yaşı var. Onunla bərəbər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var.
Prezident İlham Əliyevin şəxsi nəzarətinə götürdüyü cinayət işinin istintaqına Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin xüsusi nəzarətindədir. Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu jurnalist Rasim Əliyevin ölümü bağlı birgə yaydığı məlumatda bildirilir:
“Avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda hadisəsinin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir".
16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi.