Azərbaycana arxadan vurulan zərbə

siyaset
10-10-2015, 14:37 1180
Azərbaycana arxadan vurulan zərbə Gürcüstan İran və Rusiya ilə qaz alışına dair danışıqlar aparır.
Gürcüstanın Rusiyanın ardınca İranla da qaz alışına dair müzakirələrə başlayıb.
Artıq 2 ölkə arasında məslə ilə bağlı qapalı görüş də keçirilib. Bu o, deməkdir ki, Gürcüstan qaz alışı sahəsində alternativ variantlar axtarır.
Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua “Azad demokratlar” parlament fraksiyasının üzvləri ilə görüşündə deyib.
David Dondua qeyd edib ki, Gürcüstan hazırkı mərhələdə ABŞ -ın xahişi ilə İranla tammiqyaslı əməkdaşlıqdan çəkinir: “Biz amerikalı partnyorlarımızla daimi təmasdayıq. Onlar xahiş edirlər ki, İran Vyana razılaşmasında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu ölkə ilə tammiqyaslı əməkdaşlıqdan çəkinək. Bu öhdəliklərə əməl edilməsi üçün son müddət dekabr ayıdır”- deyə nazir müavini bildirib.
David Dondua - Gürcüstanın XİN-nin müavini
Gürcüstan hazırda qaz alışı ilə bağlı tək İranla deyil ,Rusiya ilə də danışıqlar aparmaqdadır. Gürcüstanın Energetika naziri Kaxa Kaladze bildirib ki, Rusiyadan təbii qazın tədarükü üçün kommersiya operatorları və bir sıra şirkətlərlə müzakirələr aparılıb.
“Bundan başqa Gürcüstan ərazisindən keçən Rusiya təbii qazının həcminin artırılmasının mümkünlüyü barədə "Qazprom" şirkətinin rəsmiləri ilə Brüsseldə fikir mübadiləsi aparılıb. Bu bizim üçün çox vacib məsələlərdən biridir."
Kaxa Kaladze-Gürcüstanın Energetika naziri
Ölkələrin maraqlarının toqquşduğu Gürcüstanın hazırda ən böyük qaz tədarükçüsü Azərbaycandır. Azərbaycan Gürcüstanı neft və benzinlə də təmin edir.
ARDNŞ -nin törəmə şirkəti olan SOCAR Energy Georgia MMC 2006-cı ildə qurulub. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir.
Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır.
İqtisadçı Oqtay Haqverdiyevin fikrincə , Gürcüstanın digər qonşu ölkələrlə danışıqlar aparması, daha ucuz qiymətə qaz almaq istəyi ilə bağlıdır. Onun sözlərinə görə, İran və Rusiyanın təklif etdiyi qazın qiyməti Azərbaycan qazının qiymətindən daha ucuz olarsa ölkəmizin Gürcüstan bazarından çıxması real görünə bilər.
“Bu dünya bazarında rəqabətin əsas prinsiplərindəndir. Rusiya Gürcüstandakı hüquqi şəxslərə qaz satışı ilə bağlı razılığa gəlmək istəyir. Amma Gürcüstan Rusiyanın qarşısına Azərbaycan qazından ucuz qiymət şərtini qoyur. Əgər İranla yanaşı Rusiya da şərtləri qəbul etsə deməli qaz satışı reallaşa bilər.”
Amma hazırki vəziyyətdə Gürcüstan ABŞ-ın təsiri ilə İran qazını almaqdan imtina edir. Bunu Gürcüstanın xarici işlər nazirinin müavini David Donduada etiraf edib: “Məhz amerikalıların bu xahişi kontekstində bu yaxınlarda İran aviaşirkətlərindən birinin Gürcüstana uçuşlara başlamaq barədə xahişi rədd edilib. Biz amerikalılardan xahiş edirik ki, regionun xüsusiyyətini nəzərə alaraq bizə bir qədər məkan ayırsınlar. Sentyabr ayında Tiflisdə keçirilən qapalı konfransda biz İranla bağlı prosesləri müzakirə etdik. İran tezliklə təcrid vəziyyətindən çıxacaq və bunun həm müsbət, həm də mənfi təsirləri olacaq.”
Nazirin çıxışından məlum olur ki, İranla alış-veriş yalnız ABŞ-nın bu ölkə ilə münasibətlərindən aslıdır. ABŞ-lə İran arasından isə münasibətlər yüksək səviyyədə inkişaf edir. Yavaş-yavaş İran üzərində sanksiyalar götürülür.
Oqtay Haqverdiyev - İqtisadçı
Gürcüstanla İran razılaşarsa ölkələr arasında qazın nəqlində tranzit tapmaq problemi ortaya çıxır. İqitsadçının sözlərinə görə, əgər razılıq əldə olunarsa, İranın ən böyük ümidi Ermənistana qalacaq.
“Çünki Azərbaycanın da Gürcüstanda maraqları var. Çətinki, İran Azərbaycanla tranzit barədə razılığa gəlsin. Əgər İran bu bazara daxil olarsa, Azərbaycan çıxmaq məcburiyyətində qalacaq. Amma İran bir müddət əvvəl Azərbaycanın boru kəmərlərinən istifadə etməklə neftini və qazını Avropaya çıxarmaq istəyirdi. Əgər yenidən bu təklif Azərbayanın maraqlarına uyğun baha qiymətə edilərsə, ölkəmiz tranzit kimi istifadə edilə bilər.”
Oqtay Haqverdiyev Azərbaycanın Gürcüstanın enerji bazarında qalması üçün çıxış yolunu satdığı neftin və qazın qiymətini digər dövlətlərdən daha da ucuz etməsində görür: “SOCAR-ın Gürcüstanda olan yanacaqdoldurma məntəqələrindəki benzinin qiyməti dünya bazarındakı neftin qiymətindən aslıdır. Ona görə də Gürcüstan üçün bizim orada qalmağımız sərf edir. Amma Gürcüstan üçün əsas qazı ucuz almaqdır. Daha ucuz qiymət təklif edərlərsə, Gürcüstanın razılığa gedəcəyi real görünür."
Azərbaycanın Gürcüstan bazarından çıxacağı təqdirdə alternativ bazar kimi Türkiyə irəli sürülür. Çünki Azərbaycanın Avropaya gedən əksər boru kəmərləri Gürcüstanın və Türkiyənin ərazisindən keçir. Gürcüstan istəməsə, Azərbaycan elə o kəmərlər vasitəsi ilə nefti və qazı daha sərfəli qiymətlərlə Türkiyəyə sata bilər.
Gürcüstan, Türkiyə və Rusiya ərazisindən keçən boru kəmərlərimiz
Bir müddət əvvəl isə Rusiya-Gürcüstan müharibəsinin nəticəsi olaraq Rusiya neft və qaz satışı da daxil olmaqla ölkəyə yatırdığı bütün sərmayələrini geri çəkdi.
Məumdur ki, İran Qərblə İran arasında uzun illərdir ki, nüvə proqramı ilə soyuq münasibətlər var idi. Amma indi İran “Altılıq” ölkələri ilə razılaşıb. Bu səbəbdən qonşu ölkənin dünya neft bazarına daxil olması asanlaşıb.
Hazırda İran illərdir ki, ambarlarında hasil edib saxladığı neftə və təbii qaza böyük bazarlar axtarır. Gürcüstan onun üçün ən optimal bazarlardandır. Əlində olan imkanlardan istifadə etməklə Azərbaycandan daha ucuz qiymət təklif edib bu bazara daxil ola bilər.
Gürcüstana isə lazım olan az xərc çəkməklə əhalini qazla təmin etməkdir. Digər tərəfdən Gürcüstana İranın qaz ixrac etməsi iqtisadi cəhətdən zəif olan Erəminstana müsbət təsir edəcək. Çünki Ermənistan iqtisadi vəziyyətini nəzərə alaraq İranın təklif etdiyi ən ucuz qiymətlərlə razılaşa bilər. Ermənistan çoxdandır ki, İran qazının üçüncü ölkələrə tranzitini həyata keçirmək ideyası üzərində baş sındırır. Baş verənlər göstərir ki, Qafqazda yaranan hazırkı iqtisadi mübarizə Azərbaycandan başqa bütün dövlətlərə sərf edir.