Böyrək daşları müalicəsində yenilik

sehiyye
8-10-2015, 10:23 1194
Böyrək daşları müalicəsində yenilik Araz Bayramov: “Vaxtında qarşısı alınmasa, böyrək daşları böyrək çatışmazlığına gətirib çıxara bilər”
Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, MTN Hospitalının uroloq-cərrahı Araz Bayramovun müsahibəsi
- Araz bəy, son dövrlər gənclər arasında “bel nahiyəmdə şiddətli ağrılar var” şikayətlərinə tez-tez rast gəlirik. İlkin müayinədən sonra məlum olur ki, sən demə onlar böyrək daşlarından əziyyət çəkirmiş. Sizcə, böyrək daşları nəyə görə, bu qədər geniş yayılıb?
- Son zamanlar Azərbaycanda böyrək daşlarının artma səbəbi düzgün maye qəbulunun və həyat tərzinin seçilməməsidir. Ölkəmizdə bəzi zonalar var ki, orada yaşayan insanlar daha çox bu problemdən əziyyət çəkirlər. Bu sırada Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Şəki və digər bölgələri misal göstərmək olar. Biz xeyriyyə məqsədilə rayonlara səfərimiz zamanı böyrək daşları olan xəstələrdə düzgün pəhriz formasını bilmədiyinə görə, mərcanvari böyrək daşlarına, yəni iriölçü daşlara daha çox rast gəldik. O ki qaldı bel nahiyəsində olan ağrılara, bu müxtəlif səbəblərdən, əsasən də böyrək daşlarının olması səbəbindən yarana bilər. Ağrının olması xəstənin təcili sürətdə ultrasəs müayinəsindən keçməsi üçün göstərişdir.
- Böyrək daşları vaxtında xaric edilməsə, hansı fəsadlara səbəb ola bilər?
- Böyrək daşları yad cism olduğu üçün ətrafında daim infeksiya və iltihab müşahidə olunur. Böyrəklərdə uzun müddətli iltihabın olması böyrək büzüşməsi və böyrək çatışmazlığına gətirib çıxara bilər.
- Müasir urologiyada bu problem necə həllini tapır?
- İlki olaraq onu qeyd etmək istərdim ki, Azərbaycanda ən müasir üsul – fleksibl urs holmium-lazerlə heç bir kəsik və dəlik olmadan tam təbii yolla böyrəklərə qalxaraq, istənilən kasacıqda olan daşları çox asanlıqla xaric edirik. Bu üsulun əsas üstünlüyü narkoz verilmədən, hətta xəstənin arzusundan asılı olaraq, əməliyyatı oyaq keçirməsindədir. Xəstə əməliyyat olunan günün səhəri iş qabiliyyətini bərpa edir.
Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb və ölkəyə dönənə qədər 6 il Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında çalışıb. Mərkəzi Gömrük Hospitalı, Oksigen Klinikasında işləmiş A.Bayramov hazırda MTN-nin Hospitalı və “Baku Clinic”də çalışır. Ölkəmizin tanınmış uroloqlarından biridir.