Bakı bulvarına rəqib Böyükşor parkı

maraqli
2-10-2015, 11:54 3533
Bakı bulvarına rəqib Böyükşor parkı Günün günorta çağı olduğundan parkda tək-tük adam vardı. Əsasən, işçilər. Otları suvaranlar, gölün ətrafındakı yosunları təmizləyən və bir də gölün içində bir qayıq sağa-sola var-gəl edirdi.
Söhbət Bakının Böyükşor gölü yaxınlığındakı park-kompleksdən gedir. Kompleks paytaxtın Nəriman Nərimanov rayonunda yerləşir. Böyükşor bulvarının və parkının açılışı hələ may ayında olub. Açılışda prezident və xanımı şəxsə iştirak etmişdilər.
Böyükşor gölünün kompleks bərpası layihəsi 2 hissədən ibarətdir. Birinci hissə ötən ildə başlayıb, bu ilin mayında bitib. İkinci hissənin yekunlaşması isə 2015-2020-ci illəri əhatə etməsi planlaşdırılır.
Bakı bulvarına rəqib Böyükşor parkı
Böyükşor gölü 2 hissəyə ayrılıb. Gölün ortasında 1570 metr uzunluğunda bənd çəkilib. Əvvəlcə Olimpiya Stadionuna yaxın olan hissəsi bərpa edilib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınaraq paytaxt sakinlərinin və qonaqların ixtiyarına verilib. Növbəti illərdə gölün digər hissəsi də tam təmizlənəcək. Göldə quraşdırılmış fəvvarələr kompleksi görənlərin zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Fəvvarələrin gözəlliyinə tam tamaşa etmək üçün parka axşam gedəsən. Sakinlərin sözlərinə görə, gecələr bura daha gözəl olur.
Layihə ərazisinin şərq və cənub sahilində bulvar və park salınıb. Parkın ümumi sahəsi 15 hektardan çoxdur. Vaxtilə bu ərazilər neftlə çirklənmiş torpaqlar olub. Bu gün həmin ərazi tullantılardan tam təmizlənib. Həmçinin gölün şərq sahilində metal lövhələrlə çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi də qurulub.
Sahilboyu salınmış otun üstündə gəzirik. Sahil zolağının bu başından o başına getmək istəyirsinizsə, 2.5 kilometr addımlamalısınız. Ayrıca burada idman və uşaq oyun meydançaları da qurulub.
Bakı bulvarına rəqib Böyükşor parkı
Qaçmağı sevənlər və velosiped həvəskarları da unudulmayıb. Onlar üçün qaçış və velosiped zolaqları da salınıb. Kompleksdə 80 minə yaxın ağac və bəzək kolu əkilib. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.
Böyükşor gölünün tam bərpasını nəzərdə tutan növbəti mərhələdə göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.