BDU-da Yapon mədəniyyəti günü keçirilir

tehsil
2-10-2015, 11:48 1202
BDU-da Yapon mədəniyyəti günü keçirilir Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Yapon mədəniyyəti günü keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, tədbiri açan kafedra müdiri Oqtay Cəlilbəyli bildirib ki, 22 noyabr 2013-cü il tarixində Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında imzalanan sazişə əsasən, İto şəhərinin sənət adamları Azərbaycanda Yapon mədəniyyəti günü keçirirlər.
Bakı Dövlət Universitetində keçirilən tədbirin həmin silsilədən olduğunu bildirən Oqtay Cəlilbəyli onu da qeyd edib ki, fakültənin yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə, eyni zamanda bu ölkənin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı fənlər tədris olunur və tədbir həm də bu baxımdan faydalıdır.
Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı Obata Bakı Dövlət Universiteti və Yaponiya səfirliyi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.
Sonra İto şəhərindən gəlmiş nümayəndə heyəti milli geyimlərini, musiqilərini, gül ənənəsini, yazı xəttatlığını, çay dəstgahını təqdim ediblər.
Tədbirdə Yapon dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr də öz məharətlərini nümayiş etdiriblər.