Bəhreyn İran diplomatına ölkəni tərk etmək üçün 72 saat vaxt verib

sou
2-10-2015, 10:11 762
Bəhreyn İran diplomatına ölkəni tərk etmək üçün 72 saat vaxt verib Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi ölkənin Tehrandakı səfirini geri çağırmaq barədə qərar qəbul edib.
Bu barədə "Bahrain News Agency" məlumat yayıb.
Məlumata görə, İran İslam Respublikasının müvəqqəti işlər vəkili "arzuolunmaz şəxs" elan edilib.
"Krallıq Bəhreynin İrandakı səfiri Səəd əd-Dausarini geri çağırmaq və İslam Respublikasının Krallıqdakı müvəqqəti işlər vəkili Məhəmməd Rıza Babayini "arzuolunmaz şəxs" elan etmək qərarına gəlib. Ona ölkəni tərk etmək üçün 72 saat vaxt verilir", - deyə agentliyin xəbərində bildirilir.
Məlumata görə, Bəhreyn XİN-i bu qərarı "İranın fasiləsiz olaraq Krallığın daxili işlərinə qarışması" səbəbindən qəbul edib.
"İran Bəhreynin işlərinə qarışmaqda davam edir, dinlərarası ədavət yaratmağa çalışır, onun liderləri isə Bəhreynə qarşı aqressiv bəyanatlar səsləndirirlər", - deyə hökumətin bəyanatında qeyd olunur.