Obamanın Qarabağ çağırışı

siyaset
2-10-2015, 10:03 904
Obamanın Qarabağ çağırışı BMT Baş Assambleyasının 70-ci sessiyasında həyəcan
Cəbhə xəttində baş verənlər və Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının 70-ci sessiyasında da müzakirə olunub.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama BMT-də Serj Sarkisyanla qısa söhbət zamanı tərəfləri beynəlxalq prinsiplərə əməl etməyə çağırıb.
Ermənistan prezidenti, qurumun baş katibi Pan Gi Munla görüşdə isə münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllinin əhəmiyyətini vurğulasa da, təmas xəttində baş verənlərə görə Azərbaycanı günahlandırmağa çalışıb.
Lakin rəsmi Bakının cavabı özünü çox gözlətmədi. Xarici işlər naziri Elmar Məmmədyarov cavabını BMT Baş Assambleyasından verdi:
“Bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın Silahlı Qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status-kvonun saxlanmasına xidmət edəcəkdir”.
Xarici işlər naziri Elmar Məmmədyarov açıq şəkildə bəyan etdi ki, biz heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq. O, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılmasına dair planın təxirə salınmadan həyata keçirilməli olduğunu söylədi. Əgər Ermənistan dinc yolla münaqişənin həllinə razılaşmasa, rəsmi Bakı elə BMT nizamnaməsinə istinad edəcək:
“Buna baxmayaraq, danışıqlar yolu Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq”.
Nazir dünyada baş verən siyasi prosselərə Azərbaycanın da biganə qalmadığını, terrorizm, şiddətli ekstremizm və separatçılığın bütün forma və təzahürlərini qınayırıq dedi.
Bakıda həm də silahlı münaqişələrdən qaynaqlanan qaçqın böhranından da ciddi naraht olurlar. Eyni dərəcədə dini dözümsüzlük, xüsusilə islamofobiya və dinləri terrorizmlə əlaqələndirmək cəhdləri kimi hallardan da narahatlıq keçirilər.