» » “Xaricdəki tələbəmiz” - “Maddi imkanın yaxşıdırsa, sənə heç yerdə problem yoxdur"


“Xaricdəki tələbəmiz” - “Maddi imkanın yaxşıdırsa, sənə heç yerdə problem yoxdur"

1-10-2015, 13:39
Oxunub: 645
Çap et
“Xaricdəki tələbəmiz” - “Maddi imkanın yaxşıdırsa, sənə heç yerdə problem yoxdur" “Xaricdəki tələbəmiz” rubrikasını davam etdirir. Budəfəki müsahib Fransanın Nans şəhərindəki “Universitete de Lorraine” Universitetində master pilləsi üzrə təhsil alan tələbə Emin Qənbərovdur. Azərbaycan Dillər Universitetinin bakalavr və magistr pilləsini bitirmiş E.Qənbərov Fransada Avropaşünaslıq istiqamətində təhsil alır:
- Əvvəlcə özünü təqdim edərdin...
-Qənbərov Emin Çingiz oğlu. 1987 ilin 8 noyabrında Masallı rayonun Qızılavar kəndində anadan olmuşam .
-Xaricdə təhsilə nə vaxt qərar verdiniz və buna hansı amillər təsir etdi?
-Hər bir gənc kimi mən də elmi biliyimə rəngarənglik qatmaq istəyirdim. Əlbəttə, bunu təkcə Azərbaycanda yox, xaricdə - Kanadada planlaşdırmışdım. Daha sonra müəyyən səbəblərdən Fransanı seçdim. Ümumiyyətlə, bizim nəslimizdə elmə maraq böyükdür, məsələn, əmilərim, qardaşlarım - hamısı ali təhsillidirlər, eyni zamanda xaricdə təhsil alanların cərgəsində mənlə yanaşı, yaxın dostum, əmim oğlu Vüqar Qənbərzadə də var. O, Almaniyada cərrah bölümü üzrə təcrübəsini artırır.
-Xaricdə təhsil istəyin yaxınların, ailən tərəfindən necə qarşılandı?
-Yaxın dost-tanışlar müsbət qarşıladılar, anam icazə verdi, atam isə tərəddüd etdi. Mən dövlət hesabına deyil, öz hesabıma təhsil alıram. Maliyyə məsələsində mənə qardaşım dəstək oldu, çox sağ olsun. Amma öncə mənə şərt qoydu: gedirsən, qayıdıb evlənirsən! Çünki Avropa və “Firəngistan”ın adət-ənənələri, daha doğrusu oradakı həyat tərzi ona bəlliydi. Amma mən əhdimi pozmaq haqqında düşünürəm. (gülür).
-Yəqin, ürəyindən xarici bir vətəndaşla evlilik xəyalı keçib... Ümumiyyətlə, əcnəbi qızla evliliyə necə baxırsan? Seçim qarşısında qalsaydın, nə edərdin?
-Tərəddüdlü sualdı. Yox, hələ bu haqda düşünməmişəm. Əslində insan hər yerdə insandır, milliyətin çox da önəmi yoxdur. Dinimizdə “insanları sevin, onlarla xoş davranın” deyilir, konkret göstərilmir ki, bu millətin nümayəndəsi ilə ailə qurun, ya qurmayın. Hamımız Tanrının bəndələriyik. Seçimə gəlincə isə... azərbaycanlı.
-Fransadakı insanlar, müəllimlər və təhsil metodu haqqında nə deyə bilərsən?
- İnsanlar Avropada daha çox sərbəstdi, bu, özünü təhsildə də göstərir. Müəllimlər təkcə Fransa deyil, Amerika, Bolqarıstan, Afrika və s. ölkələrdəndi, ona görə arada sərt, arada güzəştli müəllimlərlə rastlaşırsan. Təhsil sistemi bizə qəribə gələ bilər, amma öyrəşdikcə, adiləşir. Onu da qeyd edim ki, dünyanin üç böyük təhsil mərkəzindən biri Fransadır (Amerika, Şərqi Asiya, Qərbi Avropa). İnsanlar çox mülayim və gülərüzdülər. Əgər nəyisə soruşsan, hər vəchlə başa salmağa çalışırlar. Məncə, məkanından, dinindən asılı olmayaraq, hər bir insanda xeyir və şər düşüncələr var. Bəzən ateist olan yoldaşından daha çox kömək görürsən, nəinki adı müsəlman olanlardan...
-Təhsilin ilk günlərdə yəqin ki, çox çətinliklər olub. Bu zaman kimlərdən dəstək görmüsən?
-Bəli! İstər dil, istərsə də sənəd və başqa sahələrdə çətinliklər oldu. Bu sahədə mənə ötənilki tələbələrdən olan Abbasov Fuad, Cəfərov Bəxtiyar, Səmədov İlkin kömək oldu, onlara təşəkkürümü bildirirəm.
Əgər evindən çıxırsansa, hər hansı bir yerə adaptasiya olunmağın əvvəlcə çox çətin olur. Amma sonradan öyrəşirsən. Özü də Avropa ola... Bir söz deyim, indiki dövrdə əgər maddi cəhətdən imkanın varsa, səninçün heç yerdə heç bir problem yoxdur.
-Fransada Azərbaycanı necə tanıyırlar? Ölkəmiz haqqında nə kimi təsəvvürləri var?
-Əvvəllər bəziləri tanımırdı. Azərbaycanı ya Sovet İttifaqının bir tərkibi kimi, ya da Türkiyəyə yaxın bir məkan kimi tanıyırdılar. Amma illər keçəndən sonra ölkəni tam tanımaga başladılar. Deməli, xaricdə təhsili həm də Azərbaycanı tanıtdırmağın bir növü kimi qeyd edə bilərəm. Bizim diaspor müəyyən qədər fəaliyyət göstərsə də, hələ ki, çatışmazlıqlar var. Bir adi tələbə, ya vətəndaş beş-on avro qazanıb, onu da diaspor fəaliyyətinə xərcləyirsə, bunu maksimum iki, üç dəfə edə bilər. Mütəmadi olaraq pul xərcləmək onun üçün çətindir. Buna görə də belə işlərə mütləq lazımı maliyyə yatırılmalıdır.
-Şəxsən sən özün Azərbaycanın təbliği üçün nə etmisən?
-Mən və 10-a yaxın həmyerlimiz milli bayramlarda, soyqırımı və başqa günlərdə bayrağa bürünüb, bunu əlimizdən gələn formada qeyd edib, ətrafımızdakı xariciləri məlumatlandırırıq. Amma hər zaman amerikalıların bu sözünü xatırlamaq lazımdır: “Demə ki, ölkəm mənə nə verib, söylə ki, sən ölkən üçün nə etmisən?”.
-Xaricdə oxuyan oğlanların bəziləri müəyyən səbəblərdən hərbi xidməti yerinə yetirməyiblər. Sən də bu cərgədəsən?
-Xeyr, xidməti borcumu artıq yerinə yetirmişəm. Lazım gəlsə, yenidən yetirməyə hazıram. Torpaqlarımızın nankorların tapdağı altında olması bizim üçün acı bir dərddir, inşallah, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində sülh yolu ilə torpaqlarımızı geri qaytaracağıq.
-Fransanın ermənipərəst mövqeyi, orada ermənilərin çoxluğu soydaşlarımız üçün nə kimi maneələr yaradır?
-Fransada xeyli erməninin məskunlaşması və müxtəlif sahələrdə vəzifələrdə olması istər-istəməz onların bizə qarşı antisiyasət yeritmələrində də özünü göstərir. Amma tam səmimi deyirəm ki, beynəlxalq arenada Azərbaycan istər mədəni-iqtisadi, istərsə də bütün sahələrdə onları qabaqlayır. İnanırıq ki, bunun məntiqi nəticəsini işğal olunmuş torpaqlarımıza sahib olmaqla görəcəyik.
-Xaricdə təhsil sənə nə verdi?
“Xaricdəki tələbəmiz” - “Maddi imkanın yaxşıdırsa, sənə heç yerdə problem yoxdur"
-Çox şey! Mən birmənalı şəkildə xaricdə təhsilin tərəfdarı və təbliğatçısıyam. Bu proqram daha da genişlənsə, yaxşı olar. Həyatda hər bir şeyin açarı yalnız elmlə əldə olunur. Hər hansı bir elmə yiyələnmək üçün məsafələrə, zamana və sədlərə fikir verilməməlidir. Yeterincə dərin savada malik olan gənclərimiz çoxdu, təəssüflər olsun ki, əksər hallarda maliyyə problemi onların irəliləməsinin qarşısını alır. Belə gənclərə yaxşı olardı ki, əlavə dəstək verilsin.
Dəqiq fənlər, tibb elmləri, fizika, kimya kimi sahələr xaricdə daha kamil şəkildə tədris olunur. Oradakı texniki imkanlar buna zəmin yaradır. Amma siyasi elmlər, dil və s. bu kimi humanitar sahələr yaxşı olar ki, elə ölkəmizdə davam etdirilsin. Məncə, hazırda ölkəmizdə bir neçə aparıcı universitetlərdə peşəkar müəllimlər bu işi çox gözəl bacarır
Reytinq: