Metroda pul xırdalamağa son

sosial
28-09-2015, 10:35 913
Metroda pul xırdalamağa son Oktyabrın 1-dən etibarən metroda ödəniş yalnız “Bakıkart”lar vasitəsi ilə olacaq.
“Oktyabrın 1-dən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız “Bakıkart”lardan istifadə etməklə mümkün olacaq”.
Bu sözləri Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
“Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında xəzinələrin kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama funksiyası başa çatacaq.Ona görə də sərnişinlərin nəzərinə çatdırılır ki, hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq metropolitendən istifadə edərkən özünüzlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürəsiniz.
“Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “BakuBus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir”.
Nəsimi Paşayevin sözlərinə görə, sərnişinlər “Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar” , “Cəfər Cabbarlı” , “N.Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.
Bakı metrosunda yeni kartların tətbiqinə avqustun 8-dən start verilib. Artıq Metro stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə edirlər.
Sərnişinlərə isə sentyabrın 1-dən 30-a qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək imkanı verilir.
Plastik kartın qiyməti 2 manatdır. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. Balansını bütün terminallardan artırmaq mümkündür. Yeni kartlarla ödəniş terminalları da dəyişir.
"BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.