Dilimizdə ədəbiyyatın təkmilləşməsinə ehtiyac var

tehsil
23-09-2015, 10:08 1117
Dilimizdə ədəbiyyatın təkmilləşməsinə ehtiyac var Problemi aradan qaldırmaq üçün dövlət səviyyəsində bir çox tədbirlər görülüb.
Hər bir xalq, millət danışdığı dillə bir-birindən fərqlənir.
ANS TV-nin məlumatına görə,şablona çevrilmiş bu cümlə əslində tam bir həqiqətdir. İndi dünyanı informasiyanı daha tez əldə edən və onu öz marağına uyğun yayanlar idarə edirlər. Bu rəqabətdə üstünlük qazanmağın əsas şərti isə dildir.
Təkcə internetdə axtarış apararkən nəticələrin ən çox ingilis və rus dillərində tapıldığının şahidi oluruq. Eyni vəziyyət bədii və elmi ədəbiyyat, dərsliklər, bir sözlə kitablar sahəsində də belədir.
Son illər bu problemi aradan qaldırmaq üçün dövlət səviyyəsində bir çox tədbirlər görülüb. Dünya ədəbiyyatının məşhur nümunələri dilimizə tərcümə olunub.
Bu addımlar özəl nəşriyyatları da təşviq edib və nəticə olaraq indi kitab sektorunda vəziyyət əvvəlki illərdən bir qədər fərqlidir.
“Statistikaya görə, kitab bazarında ən çox satılan ədəbiyyat yenə də rus dilindədir. Bu isə satılan kitabların 70 faizini təşkil edir. Beş il əvvəl isə bu 95 faiz idi”, – deyə nəşriyyat rəhbəri Şahbaz Xuduoğlu bildirib.
Bu rəqəmin özü belə müsbət irəliləyiş deməkdir. Amma yenə də problem 70 faiz olaraq qalmaqdadır. Bunun əziyyətini isə ən çox oxucular çəkir.
Şərqşünaslıq fakultəsinin məzunu Aydın Qəhrəmanlı deyir ki, təhsil aldığı illərdə istifadə etdikləri ədəbiyyatlar əsasə rus dilində olduğu üçün bir qədər çətinlik yaradırdı.
Azərbaycan dilindən daha geniş auditoriyanın istifadə etməsi və bu sahədə ədəbiyyatın inkişafı, yerli müəlliflərin, ən əsası isə yazıçıların dünya miqyasında tanınması ilə bağlıdır.
Amma maraqlıdır ki, bizim dünyada az-çox tanınan yazarlarımız da məhz rus və ingilis dilində nəşr olunurlar.