"Qəbələ" Türkiyədən yeni direktor gətirdi

idman
22-09-2015, 22:23 915
"Qəbələ" Türkiyədən yeni direktor gətirdi Klubla bağlı bir sıra yeniliklərə aydınlıq gətirilib.
"Qəbələ" klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirib.
ANS PRESS-in məlumatına görə, mərasimdə klubla bağlı bir sıra yeniliklərə aydınlıq gətirilib.
Belə ki, bölgə klubu məşhur "Sarar" firması ilə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən bundan sonra "Qəbələ"nin forma və digər geyimlərini sözügedən şirkət təmin edəcək. Hansı ki, Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klublarını da idman geyimləri ilə məhz sözügedən şirkət təmin edir.
"Qəbələ" ilə bağlı daha bir yenilik klubun kommersiya direktoru postunun yaradılmasıdı. Bu posta da türkiyəli iş adamı təyin olunub. Bu, vaxtilə qardaş ölkədə hakimliklə məşğul olmuş Mustafa Aztopaldı.
1978-ci il fevralın 3-də Almaniyanın Şverte şəhərində anadan olan Aztopal ali təhsilini Türkiyədə alıb. 1996-2000-ci illərdə Marmara Universitetində ingiliscə təhsil alan mütəxəssis Siyasət və Beynəlxalq əlaqələr fakültəsini bitirib. Aztopal təhsilini 2011-12-ci illərdə İngiltərədə, məşhur Liverpul Universitetinin Sosial Elmlər Fakültəsinin Futbol industriyası ixtisası üzrə davam etdirib. Maliyyə qaynaqlarının idarəetməsi, İnnovasiyalar, Futbol və Hüquq, Futbol və Maliyyə, Futbol idarəetməsi, Beynəlxalq Futbol İndustriyası, Təşkilatçılıq, Futbol menecerliyi üzrə təhsil alan mütəxəssis İsveçrənin Nyon şəhərində İdman tədbirlərinin idarəçiliyi kursuna da qatılıb.
1998-ci ildə, 20 yaşında futbol hakimi kimi fəaliyyətə başlayan Aztopal 9 il ərzində Superliqadan başqa bütün Türkiyə liqalarında oyun idarə edib. O, peşəkarların iştirakı ilə 100-dən çox, həvəskar liqalarda 400-dən artıq matçda hakimlik edib. Paralel olaraq bankda da çalışan Aztopal 2000–2008-ci illərdə İstanbulda "Uni Credit & Yapı Kredi" bankında Ticarət və qurumların kreditlərinin idarəolunması üzrə mütəxəssis (2000-2002), müdir müavini (2002-2006) və müdir (2006-2008) kimi fəaliyyət göstərib.
"Qəbələ" klubunun rəsmiləri mətbuat konfransı keçirdi
2008–2010-cu illərdə İstanbulun digər bankı "Tekstilbank"da çalışan mütəxəssis Ticarət və qurumların kreditlərinin idarəolunması üzrə qrup rəhbəri olub. 2010-cu ilin martından 2011-ci ilin iyulunadək İndoneziyanın paytaxtı Cakartada çalışan Aztopal "PT Golden Wheat Flour İndustry" şirkətinin baş direktoru olub.
İngiltərədəki təhsili başa vurduqdan sonra 2012-ci ilin iyulundan 2015-ci ilin aprelinədək "Kasımpaşa İdman Fəaliyyətləri A.Ş."da baş direktor, icra aparatının üzvü kimi fəaliyyət göstərib. O, İdarə Heyətinin sədrinin göstərişlərinə əsasən, əməliyyat, təhlillər, sponsorluq məsələlərinin, büdcə və əməliyyat siyasətinin, stadion və bazanın, ictimaiyyət və media ilə əlaqələrin idarə olunması, klubla İdarə Heyəti arasında münasibətlərə rəhbərlik edib. Həmçinin, klubun UEFA, TFF və Avropa Klublar Assosiasiyası ilə əlaqələrinə cavabdehlik daşıyıb.İngilis və alman dillərini bilən Aztopal 2012-ci ilin martında İngiltərənin Mançester şəhərində "Soccerex Global Convention", 2012-ci ilin iyulunda Türkiyənin İstanbul şəhərində Avropa Peşəkar Futbol Liqalarının, 2013-cü ilin noyabrında İngiltərənin paytaxtı Londonda "Leaders in Football" seminarlarında iştirak edib.
"Qəbələ" futbol klubu
"Bu gündən etibarən rəsmən "Qəbələ"də işimə başlayıram. Klubla tanışlığımız 1 il əvvəl baş tutub, klub prezidentinin müşaviri Toni Adamsla tanışlığımız nəticəsində kluba dəvət olundum. Bir neçə gün əvvəl klub prezidenti Tale Heydərovla söhbətim oldu. Azərbaycanda işləməyin mənə verdiyi xüsusi bir həyəcan var. Burda olmaqdan xoşbəxtəm. Bugünki "Sarar" şirkəti ilə imzaladığımız müqavilə bizim qloballaşmamız üçün atılan xüsusi bir addımdır",-deyə Mustafa Aztopal bildirib.