Payızda mənzil bazarını nə gözləyir?

sosial
22-09-2015, 22:16 941
Payızda mənzil bazarını nə gözləyir? Proqnoz.
Adətən payız ayları daşınmaz əmlak bazarı üçün mövsümi aylar sayılır və bu aylarda daşınmaz əmlakın həm satış, həm də icarə qiymətləri artımla müşahidə edilir. Bu il deyəsən bir qədər fərqli olacaq.
Bu barədə “MBA Consulting Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov açıqlamasında bildirib.
Onun sözlərinə görə, payızda mənzil bazarında ümumi azalma tendensiyası davam edəcək:
“Bilirsiz ki, ötən ilin 4-cü rübündən daşınmaz əmlakın həm icarə, həm də satış qiymətlərində ardıcıl azalma gedir və payız aylarında ola bilsin ki, bazarda qısa bir müddət ərzində qismən stabillik olsun, amma ümumi azalmanın qarşısı alınmayacaq, ümumi azalma davam edəcək”.
“Əgər əvvəlki aylarda azalma ay ərzində 2-5% müşahidə edilirdisə, indi ola bilər ki, sentyabr-oktyabr aylarında 0,5% müşahidə edilsin və yenidən qiymətlərin düşməsi qaçılmaz olacaq”- deyə, şirkətin direktoru bildirib.
N.İbrahimov bazarda baş verəcək bu ucuzlaşmanı aktivliyin azalması ilə əlaqələndirib:
“Hazırda bazarda aktivlik həddən artıq aşağı səviyyədədir. Əgər biz avqust ayında aktivliyin təxminən 40% düşməsini müşahidə edirdiksə, sentyabrda aktivlik qismən bərpa olunub, amma indi demək olar ki, aktivlik ötən ilin sentyabr ayı ilə müqayisədə 2 dəfədən də artıq ucuzlaşıb. Ona görə də, qiymətlərin düşməsi qaçılmaz olacaq”.
“MBA Consulting Group” şirkətinin direktoru həmçinin avqust ayı üçün mənzil bazarının vəziyyətini şərh edib:
“Bazarda ümumi ucuzlaşma olub. Ümumi ucuzlaşma bazar üzrə təxminən 1,53% qeydə alınıb, amma mənzil bazarında 3,5% ucuzlaşma olub. Kommersiya obyektləri bazarında 1%-ə yaxın ucuzlaşma müşahidə edilib.
Yeganə artım mənzillərin kirayəsində qeydə alınıb - 3,5%, amma obyektlərin icarəsində isə 4,4% ucuzlaşma olub. Yəni görürsüz ki, ümumi ucuzlaşma tendensiyası avqust ayında daha da güclənib, amma ilin əvvəli ilə müqayisədə, ümumi daşınmaz əmlak bazarında dollarla ifadədə 24%-dən bir qədər artıq ucuzlaşma var”.
Ekspertin proqnozlarına görə, sentyabr-oktyabr aylarında ucuzlaşma 0,5-1,5% arasında olacaq. Noyabr-dekabr aylarında isə bu azalma 3%-dək arta bilər.