Azərbaycanda 6489 nəfərdə İİV-lə bağlı test müayinəsi aparılıb

sehiyye
22-09-2015, 14:28 901
Azərbaycanda 6489 nəfərdə İİV-lə bağlı test müayinəsi aparılıb Paytaxt Bakı da daxil olmaqla 3 şəhərdə “İİV-ə testləşmə milli kampaniya”sı təşkil olunub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, sözügedən kampaniyanın təşkilində məqsəd İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi, insanların öz İİV-statusuna dair məlumatlandırılması, biliklərin artırılması, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınmasıdır.
Nazirliyin təşəbbüsü ilə avqust ayı ərzində təşkil olunmuş kampaniya çərçivəsində ölkənin iri şirkət və müəssisələrində çalışan 6489 nəfərdə könüllü olaraq İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) test müayinəsi aparılıb. Müayinələr əsasən iş yerlərində, istehsal prosesindən ayrılmayaraq 15-20 dəqiqə ərzində ekspress-test üsulu ilə həyata keçirilib. Ölkədə ilk dəfə icra olunan müayinələr İİV statusunu müəyyən etməyə imkan yaradıb.
Müayinələrlə yanaşı, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri zavod, fabrik və diqər müəssisələrdə çalışan işçilərlə testdən əvvəl və sonra İİV/QİÇS-lə bağlı məsləhətləşmələr keçirib. Onlara broşür, bukletlər, plakatlar paylayıblar. Kampaniyada “Təmiz Şəhər” ASC-nin, "Safe Life" MMC-nin, “Delta Group” şirkətlər qrupunun, “Azərkimya” İstehsalat Birliyinin, “Bakı Tikiş Evi” ASC-nin və diqər müəssisələrin işçiləri könüllü müyinədən keçib və məlumatlandırılıblar.