Uşaqlarınızı piylənmədən qoruyun

sehiyye
22-09-2015, 11:33 1105
Uşaqlarınızı piylənmədən qoruyun Qoruyun ki, sağlam olsunlar.
Uşaqlara doğru və sağlam qidalanma vərdişləri aşılamaq çox önəmlidir. Əks təqdirdə uşaqlarda ciddi sağlamlıq problemləri baş verə bilər. Sağlam qidalanmayan uşaqların ən çox üzləşdikləri problem isə piylənmədir.
Körpələrdə piylənmənin qarşısını almaq üçün aşağıdakı bəzi məsləhətləri diqqətdə saxlayın:
Uşağınıza səhər yeməyi yedizdirin
Fikir versəniz, görərsiniz ki, səhər yeməyi yeməyən uşaqların çoxu kök olur. Çünki gecədən bəri 16-17 saat ac qalan bədənə bir anda bol şəkərli, çox yağlı qidalar daxil olduqda piylənmə gedir. Uşaqlar mütləq səhər yeməyi yeməlidirlər. Səhər yeməyində onlara süd, yumurta, pendir kimi təbii zülal qaynaqları yedizdirin. 5-6 ədəd zeytun və ya 2 ədəd qoz da vermək olar.
Hazır yeməklər almayın
Evinizdə hazır yeməklər olmasa, uşaq da onları yeməyə imkan tapmaz. Paketlənmiş halda satılan konserva, kolbosa, sosiska, hazır şorba kimi qidaların tərkibində bir çox kimyəvi maddə, həmçinin, bol miqdarda şəkər və yağ olur. Belə qidalardan uzaq duran uşaqlarda köklük problemi müşahidə edilmir. Uşağınızda piylənmə gedirsə, dərhal belə qidaları onun menyusundan çıxarın. Tez bir zamanda övladınızın çəkisi ilə boyunun tarazlaşdığını görəcəksiniz.
Uşağa zorla yemək yedizdirməyin
Uşaq doyub doymadığını sizdən daha yaxşı bilir. Uşağınız yaşıdlarından az yesə belə, əsla arxasınca qaçıb zorla xörək yedizdirməyə çalışmayın. Bir müddət sonra uşaq bu davranışınızdan sizə qarşı istifadə edə bilər. Məsələn, xörək yemək üçün müəyyən şərtlər irəli sürə bilər. Ona görə də qoyun uşağınız acanda özü gəlib sizdən yemək istəsin.
Yeni dadları sınaqdan keçirin
Uşaqlar yeməyə adət etdikləri xörəkləri daha çox sevirlər. Yeni dadlara qarşı önmühakiməli davranırlar. Uşaq hər gün kotlet, kartof yemək istəyə bilər. Ancaq həqiqətən acanda məcbur olub tərəvəz yeməyini də yeyəcək. Ona görə də, uşağı yeni dadlarla tanış etməkdən çəkinməyin.
İdmana həvəs yaradın
Basketbol, voleybol kimi komanda ilə baş tutan idman oyunları uşağın həm ictimailəşməsinə kömək edir, həm də hərəkət etməsinə şərait yaradır. Ancaq idman növü uşağın yaşına və bədən quruluşuna uyğun seçilməlidir.
Bir ədəd boşqabdan istifadə edin
Bəzi uşaqların iştahası olmur, bəziləri isə həddən artıq çox yeyir. Sizin də övladınız yeməyi çox sevirsə, kiçik bir hiylə ilə həddən artıq kalori almasının qarşısını ala bilərsiniz.
Orta böyüklükdə bir boşqab götürün və uşağınızın bir öyündə yeyəcəyi salatı, yeməyi və çörəyi bu qabın içərisinə qoyun. Beləliklə, uşağın gözü doyacaq.