Bakı məktəblərinin ən vacib problemi

tehsil
19-09-2015, 22:30 834
Bakı məktəblərinin ən vacib problemi Azərbaycan məktəblilərinə də ABŞ, Almaniya, Britaniya və İtaliyadakı imkanlardan yaradılacaq.
Məktəblərə şagirdlərin evlərə çatdırılması üçün avtobusların verilməsi bu günkü Bakının ən aktual mövzusudur. ANS PRESS-in üz tutduğu əksər qurumlar bu məsələnin tezliklə müsbət həll olunmasını istəyirlər.
Məktəb avtobusu deyəndə ilk növbədə Amerika filmlərindəki böyük sarı avtobuslar xatırlanır. Xarici ölkələrdə şagirdlərin avtobusla məktəblərə çatdırılması adi haldır. Onlar artıq buna alışıblar. Bakıda isə bu xidmətə çox nadir hallarda rast gəlinir, o da ki, özəl məktəblərdə. Məktəb avtobusları valideynləri xüsusi qayğılardan azad etməklə tıxacları aradan qaldırır. Bu avtobuslar şagirdlərin tez-tez olimpiadalarda, müsabiqələrdə iştirak etmələrinə, gəzintilərə, səyahətlərə getmələrinə də kömək edə bilər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibliyinin rəhbəri Şəfa Mehmanqızı da ANS PRESS-ə müsahibəsində məktəblərə avtobusların tətbiq edilməsinin müsbət hal olduğunu vurğulayır: "Yaşıl dalğa layihəsini reallaşdırandan sonra paytaxt ərazisində sıxlıq xeyli azalıb. Lakin ən çox tıxaca məktəblərin qarşısında rast gəlirik. Ona görə də, həmin məktəblərə avtobuslar verilsə, bu tıxaclar da aradan qalxar".
Amma Bakıda çoxlarını sevindirə biləcək bu avtobusların tezliklə tətbiq ediləcəyi o qədər də inandırıcı görünmür. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS PRESS-ə hələ ki, məktəblərə avtobusların verilməsi haqqında danışılmadığını Bildirib: "Bunun üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Bu, bir günün məsələsi deyil. Təbii ki, qurum olaraq, biz də məktəblərdə avtobusların tətbiqini müsbət qarşılayırıq, lakin bu yaxınlarda belə bir təklifin reallaşacağını deyə bilmərəm. İndi yalnız özəl məktəblərdə buna rast gəlmək olar ki, onu da həmin təhsil mərkəzləri öz hesablarına həyata keçirirlər."
Amma Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun ideyanı dəstəkləməsi müəyyən qədər ümid doğurur. ANS PRESS-ə müsahibə verən Vaqif Əsədov məktəblərdə şagirdlərin evlərə çatdırılması üçün avtobus tətbiq olunmasının tıxacların aradan qaldırılmasına xeyli təsir edəcəyini dedi: "Əgər səhər və günorta saatlarında hal-hazırda məktəblərin qarşısından keçmək çətindirsə, bunun da səbəbi valideynlərin uşaqlarını məktəbə gətirərkən avtomobillərini yolun kənarlarında saxlamasıdır. Əlbəttə, avtobuslar olsa, o zaman bu qədər sıxlıq da müşahidə olunmaz, amma avtobus da o şərtlə tətbiq olunmalıdır ki, avtomobili olanlar uşaqlarını məktəbə özləri gətirməsinlər."
Bir çox xarici ölkələrdə, o cümlədən, ABŞ-da, Almaniyada, Böyük Britaniyada, İtaliyada və başqa ölkələrdə şagirdlər dərslərə məhz məktəbə aid avtobuslarla gedib-gəlirlər.
Tixacları, eləcə də şagirdlərin mütəmadi olaraq dərslərə, valideynlərin isə işlərinə gecikmələrini nəzərə alsaq, ölkə məktəblərinə xüsusi avtobusların verilməsinə böyük ehtiyac olduğu görünür.