"Ömürlük deputatlar" parlamentlə vidalaşır

siyaset
18-09-2015, 17:10 970
"Ömürlük deputatlar" parlamentlə vidalaşır Qanunvericilik sahəsinin təkmilləşdirilməsinə töhfə verən şəxslərin parlamentdə təmsil olunması daha faydalıdır.
Azərbaycanda bu il noyabrın 1-də növbəti parlament seçkiləri keçiriləcək.
Dünya ölkələrində olduğu kimi, seçki öncəsi siyasi fəallıq artır, namizədlərin müəyyənləşməsi, seçki kampaniyasının aparılması prosesi qızışır. Seçki məsələsində keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan özünəməxsusluğu ilə fərqlənir.
Bir çox xarici ölkələrdə hər hansı namizəd bir və ya iki dəfədən artıq seçki prosesinə qatılmasa da Azərbaycanda bunun əksi müşahidə olunur. Bu, istər parlament, istərsə də bələdiyyə seçkilərində belədir.
Amma əksər Avropa ölkələrində namizəd parlament seçkisinə bir neçə dəfə qatıla bilər. Belə hallar çox vaxt parlament tipli ölkələrdə olur. Partiya siyahısı ilə seçkiyə qatılan ölkələrdə namizədin bir neçə dəfə siyasi yarışa qatılması və seçildiyi təqdirdə parlamentdə təmsil olunma hüququ var və bu, normal sayılır.
Bəzən mətbuatda, eləcə də sosial şəbəkələrdə bir insanın bir neçə dəfə seçilməsinin doğru olmadığı, qanunvericilik sahəsinin təkmilləşdirilməsinə töhfə verən yeni şəxslərin parlamentdə təmsil olunmasının faydalılığı vurğulanır və bu, heç vaxt qəbahət sayılmır. Qəbahət sayılan odur ki, parlamentdə 3-4 dönəm təmsil olunmalarına rəğmən onların heç bir faydası yoxdur, xalqın maraqları üçün deyil , şəxsi mənafeyi üçün çalışır. Təbii ki, seçicilər də belə insanlara rəğbətlə yanaşmır. Amma elə millət vəkilləri də var ki, onların bir neçə dəfə seçilməsi vətəndaşların onlara etimadının güclü olduğunu göstərir.
Dünyəvi dəyərləri mənimsəyən ölkələrdə əsas üstünlük qanunvericilik təcrübəsi, nüfuzu, düşüncəsi, seçicilərin, ölkənin mənafeyini qoruyan parlamentarilərə verilir. Belə olan halda həmin ölkələrin parlamentlərinin qəbul etdiyi qərarlar da dəyərli olur, sayılır və cəmiyyətə təsiri güclü olur.
Bəs, bizdə vəziyyət necədir, qanunvericilik namizədin bir neçə dəfə parlamentdə təmsil olunmasına icazə verirmi, səsi belə çıxmayan deputatların yenidən Milli Məclisdə təmsil olunmasına ehtiyac varmı, bundan ölkə nə qazanır, seçici mənafeyini düşünən deputatlar niyə müzakirələrdə fəallıq göstərmirlər? Çünki bir çox millət vəkilləri var ki, onlar parlamentdə təmsil olunduqları müddətdə nəinki hər hansı problemi qaldırmır, hətta bir çox hallarda susmağa üstünlük verirlər.