“Bu kitabları oxu” - Aslan İsmayılovun təklif etdiyi KİTABLAR

musahibe
16-09-2015, 12:09 1102
“Bu kitabları oxu” - Aslan İsmayılovun təklif etdiyi KİTABLAR Tanınmış hüquqşünas Aslan İsmayılov təklif etdiyi nəşrlərlə yanaşı, onları xüsusi mövzular ətrafında qruplaşdıraraq gənclərə, oxuculara tövsiyələrini verib:
“Mənim kitabım” - Mənim üçün insanla bağlı istənilən mövzuya müsbət yöndən toxuna bilmək üçün Bəxtiyar Vahabzadəni oxunaq lazımdır. Onun yaradıcılığı başdan-ayağa oxunmalıdır, orada vətənpərvərlik, ləyaqət, insana, xalqa, dilə sevgi və digər mövzular çox gözəl öz əksini tapıb. Mənim gəncliyim Bəxtiyar Vahabzadə yaradıcılığı ilə formalaşıb. Yaşlı vaxtımda yenə də Bəxtiyar Vahabzadəni oxuyuram. Əminəm ki, yüz illər keçəndən sonra onun böyüklüyü daha çox görünəcək.
İnsanın içinin təmiz olması, xoş niyyətli biri kimi formalaşması, pis əməllərdən uzaq durması üçün Sədi Şirazinin “Gülüstan” əsərini oxumaq lazımdır. Mən bu kitabı üçüncü sinifdə oxumuşam. Sual verə bilərsiniz ki, bu cür müdrik, ağır əsəri üçüncü sinifdə olarkən necə oxudunuz. O vaxtı mən onu oxuya bilməzdim, heç oxumaq həvəsim də yox idi. O zaman atasız böyüyürdüm. Anama həmişə xüsusi məhəbbətim olub. O, həddindən artıq çox işləyirdi. Mənə deyərdi ki, sən o kitabı oxu, mən qulaq asım, onda dincələcəyəm. Mən də o zamankı uşaq ağlımla həqiqətən də elə bilirdim ki, oxuya-oxuya anam dincəlir. Sonradan yaşa dolduqca, yuxarı siniflərə keçdikcə, o kitabı bir daha oxudum. İndi də o kitab mənim evimdə ən dəyərli bir xatirə kimi durur. Bu mövzu ilə bağlı Nizaminin “Xəmsə”sini və Nəsiminin qəzəllərini də deməliyəm.
Eşqi, məhəbbəti daha dərindən duya bilmək üçün birinci Füzulinin qəzəllərini məsləhət görərdim. Nizami Gəncəvini və yenə də Bəxtiyar Vahabzadənin əsərlərini də bu mövzunun aktual kitabları sırasına aid etmək olar.
Azərbaycan dilini, vətəni sevmək üçün Xəlil Rza, Məmməd Araz, çoxlarının bəlkə də dəyər vermədiyi Zəlimxan Yaqubu oxumalarını tövsiyə edərdim. İnsanın içində haqqa-ədalətə münasibətin formalaşması üçün Vidadi Babanlının “Vicdan susanda” romanını oxumaq lazımdır. Bu saat məzmununu məndən soruşsanız, bəlkə də bilmərəm. Amma o mövzuda hər zaman Vidadi Babanlının bu əsəri gözümün önünə gəlir.
İnsan psixologiyasının ən incə, dərin qatlarını bilmək üçün mənə görə bir nömrəli əsər Dostoyevskinin “Cinayət və cəza” əsəridir.
Cavanlıqda oxuduğum və hər zaman məni xoş niyyətlərə səsləyən əsər isə Teodor Drayzerin “Amerika faciəsi” əsəridir .
Tarixi bilmək, xüsusilə də son illər Azərbaycan tarixindən xəbərdar olmaq üçün əlbəttə, Cəmil Həsənlinin əsərlərini oxumaq lazımdır. Onun çox gözəl elmi-tarixi əsərləri var. Onlardan biri də Topçubaşovun həyat və yaradıcılığı haqqındadır”.
Aslan İsmayılov axır vaxtlar ən çox oxuduğu kitablardan danışarkən bunları qeyd edib:
“Son zamanlar çox oxuduğum keçmiş dövlət xadimlərinin, tanınmış şəxslərin xatirələridir. Yaxud, həmin dövlət başçısının özü yox, onun yaxın ətrafının, köməkçilərinin, övladlarının xanımının yazdığı xatirələr mənim üçün çox maraqlıdır. Məsələn, bu günlərdə Fərəh Pəhləvinin xatirələrini oxudum və çox xoşuma gəldi.
1918-20-ci illərdə Azərbaycan tarixində baş verənləri dəqiqliyi ilə oxumaq üçün Əziz Alpoudun xatirələri çox maraqlıdır. O mövzuda çox kitab oxuyanlar həmən hansısa ədəbiyyatda tarixi səhvləri hiss edirlər. Amma Əziz Alpoudun kitabı kifayət qədər dəqiq tarixi faktlarla zəngindir”.