Putin Suriyaya görə meydan oxudu

dunya
16-09-2015, 10:03 846
Putin Suriyaya görə meydan oxudu Prezident digər ölkələri də Rusiyaya qoşulmağa çağırıb.
“Biz Suriya hökumətinin terorçulara qarşı mübarizəsini dəstəkləyirik. Ona lazım olan hərbi-texniki və siyasi köməyi göstərməyə davam edəcəyik”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistanın paytaxtı Düşənbədə keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiyanın Suriyada və ümumilikdə regionda güclənməsi isə ən çox ABŞ-ın narahat edir. Prezident Barak Obama daxil olmaqla ABŞ rəsmiləri demək olar ki, hər gün Rusiyanın Suriyada fəaliyyətini tənqid edir və sərt bəyanətlər səsləndirir. ABŞ dövlət katibi Con Kerri öz həmkarı Sergey Lavrovdan izahat tələb edib ki, Rusiya hansı məqsədlə Suriya ərazisində hərbi bazanın tikintisini aparır.
Kerri həmçinin xəbərdarlıq edib ki, Rusiyanın Bəşər Əsəddə dəstəyi münaqişəni daha da uzadacaq. Bu ittihamlara cavab verən rəsmi Moskva hər dəfə Suriyadakı varlığını İŞİD terrorçuları ilə bağlayır.
Sergey Lavrov bildirib ki, Moskva Suriyaya hərbi texnikanı göndərməkdə əsas məqsədi İŞİD silahlılarına qarşı mübarizədir.
“The Guardian” qəzetinin iddiasına görə, Putin 2012-ci ildə Qərb ölkələrinə Əsədin hakimiyətdən getməsi barədə müraciət edib. Amma Rusiyanın bu müraciəti cavabsız qalıb.
Münaqişənin əsas fiquru Bəşər Əsəd isə Rusiya televiziyalarından birinə müsahibəsində bildirib ki, əgər Qərb və ABŞ münaqişənin bitməsini istəyirsə, terrorçulara dəstəyini dayandırmalıdır.
Türkiyə də Suriyada baş verən prosesləri diqqətlə izləyir. Bu gün xarici işlər naziri Firidun Sinirlioğlu Rusiyanın Suriyadakı mövcudluluğunu və regionda baş verən prosesləri müzakirə etmək üçün Moskvaya səfərə gedib.
Qərb mətbuatı isə ABŞ rəsmilərindən aldıqları məlumatlar əsasında Rusiyanın Suriyaya göndərdiyi tankların artıq Latakiya şəhərində hərbi bazaya çatdığını yazırlar. Rusiya Suriyaya 10 tank göndərib.
Həmçinin Rusiyaya məxsus dünyanın ən böyük sualtı gəmisi Suriyadadır. Gəmi 20 ədəd “Bulava SSN30” qitələrarası balisitik raket və 200-dən çox nüvə başlığı daşıyır. Sualtı gəmi 172 metr uzunluğu və 160 nəfər heyət üzvü ilə bu tip gəmilər arasında ən böyükdür.
Bir neçə gün əvvəl Pentaqon nümayəndəsi Ceff Devis Rusiya Suriyanın şimal-qərbində Latakiya şəhəri yaxınlığında hərbi təyyarə baza tikdiyini bildirib. Onun sözlərinə görə, son həftələrdə Latakiya şəhərinin ətrafında yerləşən təyyarə bazasına insanların və avadanlığın axını müşahidə olunur.
ABŞ isə Rusiyanın Suriya ərazisində hərbi təsirini azaltmaq üçün Yunanıstan, Bolqarıstan, Ukrayna və İraq hökümətlərindən hava məkanını Rusiya təyyarələri üçün bağlamağı tələb edib. Adı çəkilən ölkələrdən İraq ABŞ-a müsbət cavab verməyib.
Bir tərəfdə böyük güclərin üz-üzə gəldiyi Suriyanın fonunda miqrant böhran, digər bir tərəfdə isə ABŞ və Rusiya arasında davam edən nüfuz davası dünyanın yeni fəlakətə sürükəndiyinə bir işarədir.