Cəlil Cavanşir: “Ramiz Rövşənin o şeiri dərin deyil”

musahibe
13-08-2015, 12:14 1106
Cəlil Cavanşir: “Ramiz Rövşənin o şeiri dərin deyil” Əslində yaradıcılığı ilə ətraflı tanışlığım sosial şəbəkədə dostluğumu qəbul edəndən sonra oldu. Daha çox sıxıntılı adam təəssüratı yaradan yazar, öz yaradıcılığı ilə birlikdə virtual dünyada da, demək olar ki, real həyatda baş verən bir çox hadisələri dostluğunda olanlarla paylaşır. Cəlil Cavanşir mediaya və ictimaiyyətə açıq olması, məni müsahibəyə həvəsləndirən səbəblərdən biri oldu və gənc jurnalistin təklifinə çox gözlətmədən “məmnuniyyətlə” cavabını verdi. Yazar bir neçə aydır paytaxtdan doğulduğu kəndə köçüb gəlib. Ara-sıra Şəkiyə gəldiyi üçün müsahibəni məhz, Şəkidə götürmək qərarına gəldim. Bir avqust səhəri Cəlil bəylə şəhərin mərkəzində bir məkanda çayımızı içə-içə söhbətimizə başlayırıq. Yazar bu şəhərin ona həmişə xoş təəssüratlar bağışladığından bəhs edir.
- Şəki mənim uşaqlığımın şəhəridir. İlk arzularım, gələcəylə bağlı istəklər və ilk darıxmaqlar bu şəhərdə olub. Mən bir az erkən- təxminən 11-12 yaşımda evdən ayrıldım və Şəkiyə gəldim (Bu vaxt yaxınlıqdakı məsciddə günorta əzanı oxunur və müsahibim gülümsünərək). Həmən bu məsciddəki mədrəsədə-hafizlik məktəbində təhsil almağa başladım. Burada oxuduğum zaman həm də mədrəsədə qalırdım və bizə yalnız həftənin bir günü çölə çıxmağa, gəzməyə icazə var idi. İstirahət günündə şəhərin məşhur məhəllələrinə, bazarlarına gedirdik. Baxmayaraq ki, indi buralar dəyişib və 20 il əvvəlkindən fərqlidi, amma məndə o xatirələr hələ də canlıdır, yaşayır.
- Dini təlimə marağınız hardan yarandı və sonradan niyə davam etdirmədiniz?
- Bizim uşaqlığımız Sovetin dağıldığı vaxtlara təsadüf edir. Sərhədlər yeni açılmışdı və Türkiyə Diyanət Vəqfindən bizim bölgəyə gələnlər var idi. Mənim doğulduğum kənd- Oğuzun Xaçmaz kəndinə də Mustafa adlı bir ilahiyyatçı tələbə gəlmişdi. Əvvəldən də mən ərəb əlifbasını öyrənmişdim. Nəinki mən, kənddə 50-60 uşaq Quranı oxuya bilirdilər. Mustafanın gəlişi ilə biz bir az da həvəsləndik. Sonra mən Quran dərslərini burda mədrəsədə davam etdirdim.Təbii ki, zaman keçdikcə başa düşdüm ki, bu kənd uşağının əyləncəsi və marağı idi. O zaman əgər kino,teatr, klub və ya digər alternativlər olsa idi, tamam başqa istiqamətə yönələrdim. Mədrəsədə çoxlu uşaqlar ilə eyni yerdə qalmaq, oynamaq və. s. mənə maraqlı gəlirdi. Mədrəsə mənim uşaqlıqdakı bəzi boşluqlarımı doldururdu. Sonra böyüdükcə oxuyursan, anlayırsan ki, mənə lazım olan tamam başqa şeylərdir. Yeni arzular, istəklər doğurdu. Arada bir cızma-qara edirdim və zamanla anlayırdım ki, yazmasan yaşamaq olmur.
- Oxucular çox vaxt elə zənn edir ki, yazarın yazdıqlarının heç olmasa əlli faizi öz həyatında yaşadıqlarındandır. Bu zənni sizin yaradıcılığınıza da aid etmək olar?
- Bəli, bu fikri mənə də aid etmək olar. Yazdıqlarımın içində çox vaxt öz həyatımdan nəsə olur. Bəzən az, bəzən çox. Hərdən mübaliğə də edirəm təbii.